Politoloq: “Rusiya bu addımlarına görə cavab verməlidir”

Təhlil

11.08.2025 14:00

“Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına raket zərbəsinin endirilməsi və SOCAR-a məxsus enerji obyektlərinə qarşı hücumlar təsadüfi deyil və bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.

Politoloq Yusif Bağırzadə bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, Ukraynanın Odessa vilayəti istiqamətindəki qaz kəməri sisteminə və SOCAR-ın yanacaqdoldurma məntəqəsinə edilən raket hücumları Rusiyanın Azərbaycanın suverenliyinə və iqtisadi təhlükəsizliyinə qarşı birbaşa təhdididir.

“Bu hücumlar, eyni zamanda Azərbaycana məxsus təyyarənin vurulması, Yekaterinburqda və Rusiyanın digər şəhərlərində soydaşlarımıza qarşı həyata keçirilən vandalizm aktları və təzyiqlər Kremlin məqsədli siyasətinin bir hissəsidir. Bütün bunlar rəsmi Moskvanın Azərbaycana təzyiq göstərmək niyyətinin açıq göstəricisidir”.

Analitik əlavə edib ki, Rusiya Ukrayna ilə müharibədən bir vasitə kimi istifadə edərək Azərbaycanın bu ölkədəki enerji maraqlarına birbaşa zərbə vurur:

“Rusiyanın mülki obyektləri hədəfə alması beynəlxalq humanitar hüququn, xüsusilə müharibə qanunlarının kobud şəkildə pozulmasıdır. Bu, diplomatik və mülki obyektlərin toxunulmazlığını təmin edən 1961-ci il Vyana Konvensiyasına açıq hörmətsizlikdir. Rusiya bu addımlarına görə beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir. Moskva anlamalıdır ki, Azərbaycan öz milli maraqlarından təzyiq yolu ilə imtina etməyəcək”. 

Ekspert diqqətə çatdırıb ki, rəsmi Bakı bu prinsipial mövqeyini təkcə Rusiyaya deyil, eyni zamanda ABŞ-də keçmiş Cozef Bayden administrasiyasına, Fransaya və Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən digər Qərb dairələrinə də artıq sübut edib:

“Kreml bu cılız təxribatlarla Cənubi Qafqazda itirdiyi mövqelərini bərpa edə bilməyəcək”, - deyə Yusif Bağırzadə fikrini yekunlaşdırıb.

Qeyd edək ki, avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri tərəfindən 5 ədəd “Şahed” tipli dronla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Odessa vilayətində yerləşən neft bazasına zərbə endirilib. Nəticədə obyektdə yanğın baş verib, dörd əməkdaş ağır xəsarət alıb. Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir, təcili bərpa işləri aparılır.

Bundan əvvəl isə Rusiya Ukraynanın cənubundakı Odessa vilayətində ABŞ və Azərbaycandan qaz idxalı üçün istifadə olunan qaz nasos stansiyasını hədəfə almışdı.

Aysel Mətləb

tag: Azərbaycan,Ukrayna,SOCAR,Rusiya,Todaypress.tv,

photo