Müxalifət lideri də öldürüldü: Paşinyana qarşı təzyiqlər artacaq?

Təhlil

24.09.2025 17:42

Ermənistanda müxalifət lideri, Armavir vilayətinin Parakar icmasının rəhbəri və müxalif “Birlik” blokunun nümayəndəsi Volodya Qriqoryan evinin qarşısında silahlı hücum nəticəsində öldürülüb.

Hadisəni TodayPress TV-yə şərh edən siyasi ekspert Şakir Ağayev bildirib ki, bu qətl Paşinyana müxalif qüvvələrin zəifləməsi kimi görünə bilər, lakin əksinə, müxalifət bundan hakimiyyətə qarşı təzyiq vasitəsi kimi də istifadə edəcək:

“Ermənistanda gələn ilin iyun ayında parlament seçkiləri keçiriləcək. Həmin dövrə qədər biz ölkədə müxtəlif siyasi kampaniyaların şahidi olacağıq. Paşinyanla müxalifət arasında çox gərgin mübarizə gedir. Bu seçkilər həm Paşinyan, həm də müxalifət üçün son şansdır. Əgər müxalifət bu seçkilərdə də məğlub olarsa, onların nəinki qalib gəlmək, hətta iştirak etmək imkanları belə sıfıra enəcək”, – deyə ekspert vurğulayıb.

Ş.Ağayev qeyd edib ki, hazırkı hadisə Paşinyanın siyasi mövqelərinin zəifləməsinə də təsir göstərə bilər:

“Əslində bu hadisə müxalifətin zəifləməsi deyil. Müxalif qüvvələr bundan Paşinyana qarşı istifadə edə bilərlər. Hakimiyyətin zəiflədilməsi üçün belə hadisələrdən yararlanmaq ehtimalı var. Lakin biz hələ bu qətlin dəqiq səbəblərini bilmirik. Hazırda buna qəti qiymət vermək çətindir.”

Ekspert əlavə edib ki, belə hallarda birbaşa məsuliyyət hakim partiyanın üzərinə yönəlir. Hər hansı hakimiyyət üçün ona müxalif bir liderin, hətta nümayəndənin öldürülməsi ciddi məsələdir. Ona görə də obyektiv istintaq aparılmalı, ölümün əsl səbəbi açıqlanmalıdır ki, bu hadisə hakimiyyətə qarşı arqument kimi istifadə olunmasın. 

Jalə Rövşən

TodayPress TV

tag: Şakir Ağayev,Sİyasi ekspert,Paşinyan,Müxalifət,Todaypress.tv,

photo