Hindistan seçim qarşısında: “Trampın əlavə tariflərindən azad olmaq istəyirlərsə...” – Sabiq səfir DANIŞDI
Təhlil
11.08.2025 13:08
“ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı 25 faiz həcmində tariflər tətbiq etməklə Rusiyaya iqtisadi təzyiq göstərməyə çalışır”.
ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, enerji diplomatiyası və Cənubi Qafqaz üzrə ixtisaslaşan tanınmış ekspert Metyu Brayza bunu TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, Tramp Hindistanın Rusiyadan xam neft idxal etməsinə görə bu ölkəyə qarşı əlavə tariflər tətbiq etməkdə israrlı görünür. Bununla belə, həmin qərarın reallaşıb-reallaşmayacağı hələ də qeyri-müəyyən olaraq qalır.
“Vəziyyətin necə inkişaf edəcəyi avqustun 15-də keçirilməsi planlaşdırılan danışıqlardan asılı olacaq. Həmin danışıqlarda Ağ Ev rəhbəri Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski iştirak edəcək. Ola bilsin ki, Tramp Hindistana qarşı tarif təzyiqi ilə Rusiyaya dolayı yolla təsir göstərmək istəyir. Bu, Putinin Ukraynada müharibə aparmaq və onu maliyyələşdirmək imkanlarını zəiflədə bilər”.
Ekspertin fikrincə, əgər danışıqlar müsbət nəticə versə, Tramp Hindistana qarşı tarif qərarından imtina edə bilər. Lakin bu ehtimal olduqca azdır. Onun sözlərinə görə, hazırda bu məsələdə çoxlu qeyri-müəyyənliklər var. Bununla belə, Trampın planlaşdırdığı bu addımın qlobal iqtisadiyyata təsirinin məhdud olacağı ehtimal edilir.
O diqqətə çatdırıb ki, nəzərdə tutulan sanksiyalar yalnız Hindistanda Rusiya mənşəli xam neftdən istifadə edən emal zavodlarına şamil olunacaq:
“Bu müəssisələr nefti alternativ bazarlardan almağı seçə bilərlər. Əgər belə olarsa, bu, neftin qiymətində cüzi artıma səbəb ola bilər”.
Sabiq səfir həmçinin xatırladıb ki, ABŞ daha əvvəllər ölkələri G7 tərəfindən müəyyən edilmiş qiymət həddindən aşağı olmaq şərti ilə Rusiyadan neft almağa təşviq edirdi.
“Lakin Hindistan bu nefti həmin qiymət həddindən yuxarı alır. Bu da Rusiya iqtisadiyyatına birbaşa dəstək verməklə, Putinin Ukraynadakı müharibəni maliyyələşdirməsinə şərait yaradır”, - deyə M.Brayza fikrini yekunlaşdırıb.
Qeyd edək ki, avqustun 6-da ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı əlavə 25 faizlik tariflərin tətbiqi ilə bağlı fərman imzalayıb. Tariflər 21 gün sonra qüvvəyə minəcək.
Töhfə Səməd
tag: Metyu Brayza,Səfir,Hindistan,Tramp,Todaypress.tv,