Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloq EHTİMALLARDAN DANIŞDI
Təhlil
14.08.2025 17:47
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan Türkiyənin Ermənistanla sərhədləri açma ehtimalını düzgün hesab etmirəm".
Politoloq Vəli Əlibəyov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətdə nə qədər qalacağı məlum deyil. Qarşıda seçkilər var və Rusiyanın Ermənistandakı vəziyyəti qarışdırmaq planları ola bilər. Bu proses hətta hərbi çevrilişə qədər gedib çata bilər.
"Lakin bu, Türkiyənin sərhədləri açmayacağı anlamına gəlmir. Sonda bu məsələ Türkiyə hakimiyyətinin qərarından asılıdır. Vaşinqtonda imzalanan saziş isə keçid mərhələsidir. Vəziyyət Ermənistanın bundan sonrakı addımlarına görə müəyyən olunacaq", - deyə siyasətçi bildirib.
Qeyd edək ki, Türkiyə parlamentinin erməni əsilli sabiq deputatı Qaro Paylan ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edərək, Ermənistanla sərhədi dərhal açmağı tələb edib. Paylan bildirib ki, Bakı ilə İrəvan arasında ABŞ Prezidentinin iştirakı ilə imzalanan tarixi saziş bölgədə uzun illər davam edən düşmənçiliyə son qoyub və yeni sülh dövrünün başlanğıcı üçün zəmin yaradıb.
Qiymət Mahir
tag: Vəli Əlibəyov,Politoloq,Türkiyə,Ermənistan,Todaypress.tv,
