Ermənistan SEÇMƏLİDİR: Ya qonşu olacaqlar, ya da...

Təhlil

12.09.2025 13:18

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Qaqik Melkonyan cəmiyyətin gündəmini silkələyən açıqlama ilə çıxış edib. 

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdan imtina edərsə, bu, yeni müharibəyə gətirib çıxara bilər. 

"Qarabağ Azərbaycanın olmayacaq deyirdilər, amma..."

Deputat bütün dünyanın Qarabağın Azərbaycanın torpağı olduğunu qəbul etdiyini etiraf edib:

“Bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır. İndi Ermənistan əksini desə, bu, müharibəyə gətirib çıxaracaq. Robert Köçəryan və Serj Sarkisyanın hərəsi 10 il prezident olub, Qarabağın müstəqilliyini tanımayıblar. Vitali Balasanyan isə deyirdi ki, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq, amma Qarabağı Azərbaycana təhvil verməyi üstün tutdular". 

"Türk sənin düşmənindir" pıçıltısı

Melkonyan erməni cəmiyyətinin də sülh istədiyini bildirib:

"Unutmusunuz? 200 ildir bizə deyirlər ki, türklər bizim düşmənimizdir. Artıq qonşularımızla qonşu olmalıyıq, qisas almaq üçün kənardan adam gətirməməliyik. Azərbaycan da müharibəyə getməyə maraqlı deyil. Hamımız sülh istəyirik".

Məlumdur ki, ermənilərin kilsədən başlayan "türk düşmənçiliyi" zənciri müxtəlif illərdə Ermənistanın ayrı-ayrı ideoloqları, rəhbərləri tərəfindən davam etdirilib. Erməni kilsəsi türklərə qarşı düşmənçiliyin təbliğat mərkəzi olub. 

Hələ körpəlikdən bu ideologiya ilə yetişdirilən insanlar indi yetkin fərd olaraq cəmiyyətdə öz yerlərini tuturlar. Bu halda "qonşularımızla qonşu olmalıyıq" ifadəsi Ermənistan cəmiyyətində necə qəbul oluna bilər? 

"O ifadə yaddaşlardan silinməyib"

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əlimusa İbrahimov bildirib ki, bu gün Ermənistanda demək olar ki, hamı Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etməyə hazırdır və bu barədə hər kəs öz səviyyəsində alovlu bəyanatlar verir.


Amma unutmaq olmaz ki, Qaqik Melkonyanın üzvü olduğu partiyanın rəhbəri, Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndində səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi hələ də yaddaşlardan silinməyib.

"Çıxış yolları qalmayıb"

"Deməli, Ermənistanda Azərbaycan torpaqları ilə bağlı yeni baxışın ortaya çıxması məhz Azərbaycanın atdığı ciddi addımların nəticəsidir. Bu gün Ermənistan rəhbərliyi Azərbaycan torpaqlarının suverenliyini tam şəkildə tanıdıqları barədə ən yüksək tribunalardan bəyanatlar verir. Çünki buna məcburdurlar və başqa çıxış yolları qalmayıb. Azərbaycanın gücü, qüdrəti, hər gün artan nüfuzu erməniləri əvvəlki ekspansionist siyasətdən əl çəkməyə vadar edib", - deyə siyasətçi əlavə edib.

"Bu gücə sitayiş edəcəklər"

Ə.İbrahimov ifadə edib ki, erməni düşüncəsi sadəcə güc qarşısında tabe olmağa öyrənib. Onlar yalnız gücə itaət edir və boyun əyirlər. Məhz buna görə də bu gün İrəvandan gələn bəyanatların səmimiliyinə inanmaq asan deyil. 

Ekspertin qənaətincə, əsas məsələ bundan sonra da onları səmimi olmağa məcbur edən siyasətin davam etdirilməsidir:

"Yəni Azərbaycan hər zaman hərbi, iqtisadi və siyasi baxımdan öz qüdrətini artırmalıdır ki, ermənilər qarşılarında real gücün olduğunu dərk etsinlər. Ancaq ondan sonra bu gücə sitayiş edəcəklər".

Qiymət Mahir

TodayPress TV 

tag: Əlimusa İbrahimov,Politoloq,Ermənistan,Qəbul,Todaypress.tv,