Donbas düyünü: sülhə gedən yol demilitarizasiyadan, yoxsa iqtisadi zonadan keçir?

Təhlil

17.12.2025 14:07

Almaniya kansleri Fridrix Merts Ukrayna ilə bağlı aparılan danışıqlarda ölkənin şərqində demilitarizasiya olunmuş zonanın yaradılmasının müzakirə edildiyini bildirib. O, ZDF telekanalına açıqlamasında bu məsələ üzrə ABŞ, Rusiya, Ukrayna və Avropa arasında danışıqların getdiyini deyib. Merts qeyd edib ki, belə bir zona tərəfləri bir-birindən uzaqlaşdırmağa xidmət edəcək və bunun xüsusi iqtisadi zona ilə əlaqəsi yoxdur. Kanslerin sözlərinə görə, bu məsələlər hələlik gələcək planlar mərhələsindədir. 

 Maraqlıdır, demilitarizasiya olunmuş zonanın yaradılması münaqişənin real şəkildə dondurulmasına gətirib çıxara bilərmi və bu formatın gələcəkdə hər hansı iqtisadi və ya siyasi mexanizmlərlə tamamlanması riski varmı? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Şakir Ağayev bildirib ki, ABŞ Prezidenti Donald Trampın çərçivə planı Donbasın Rusiyanın nəzarətində olmayan hissəsi üzərindəki mübahisəyə görə tıxanıb:


"Bilirsiniz, məsələnin ən mübahisəli və əsas mübahisə doğuran tərəfi  Trampın irəli sürdüyü, bəzən “sülh layihəsi” adlandırılan sənəddir. Halbuki bu, sülh sazişi deyil, daha çox çərçivə sazişidir. Məhz bu çərçivə sazişinin hazırkı mərhələdə həllini çətinləşdirən əsas problem Rusiyanın nəzarətinə keçməyən Donbasın təxminən 15 faizlik hissəsi ilə bağlıdır. Rusiya tərəfi iddia edir ki, Ukrayna bu ərazilərdən çıxmalıdır. Ukrayna isə bunun öz suveren ərazisi olduğunu bildirir və çıxmaqdan imtina edir. Bu məsələ həllini tapmadıqca, sazişin imzalanması prosesi də ləngiyir".

Onun sözlərinə görə, burada müxtəlif maraqlar toqquşur:

"ABŞ-nin əsas məqsədi tez bir zamanda sazişin imzalanmasıdır və bu baxımdan Vaşinqton Ukraynaya təzyiq göstərərək həmin ərazilərdən çıxmağa razı salmağa çalışır. Ukrayna isə Konstitusiyaya və ərazi bütövlüyü prinsipinə əsaslanaraq buna qarşı çıxır. Zelenski və ya istənilən başqa prezident bu torpaqlardan könüllü şəkildə imtina edəcəyini açıq şəkildə deyə bilməz".

Politoloqun sözlərinə görə, Avropa vaxt udmaq üçün müharibənin uzanmasını istəyə bilər: 

"Avropa isə, xüsusilə Almaniya başda olmaqla, öz oyununu oynayır. ABŞ-nin təklifinə qarşı çıxaraq Ukrayna ilə birlikdə mübahisəli məsələnin açıq qalmasında maraqlıdır. Bu da onu göstərir ki, Avropa müharibənin bir qədər də uzanmasında maraqlıdır. Bu, Ukraynaya sevgidən deyil, Avropanın öz təhlükəsizlik və geosiyasi maraqlarından irəli gəlir. Avropa Rusiya ilə birbaşa üz-üzə qalmaq riskini azaltmaq üçün Ukrayna ilə Rusiyanı qarşı-qarşıya saxlamaqla vaxt qazanmağa çalışır".

Analitik qeyd edib ki, məsələnin digər vacib tərəfi demilitarizasiya olunmuş zonalarla bağlıdır. Rusiya bu cür “boz zona” modelini qəbul etmək istəmir. ABŞ isə alternativ olaraq həmin ərazilərdə azad iqtisadi zona yaradılmasını təklif edir. Bu format Rusiyaya daha məqbul görünə bilər, çünki ABŞ və digər ölkələr tərəfindən investisiyalar qoyula, iqtisadi layihələr həyata keçirilə bilər. Avropa isə bu ssenarini öz maraqları baxımından uyğun saymır.

Ş.Ağayev sonda əlavə edib ki, saziş Rusiyanın demilitarizasiya və ya iqtisadi zona variantına razılığından asılıdır:

"Əgər Rusiya demilitarizasiya olunmuş zonaya razılıq verməzsə, saziş imzalanmayacaq və müharibə davam edəcək. Amma ABŞ-nin təklif etdiyi kimi azad iqtisadi zona yaradılarsa, risklər azalacaq, müharibə təhlükəsi minimuma enəcək. Çünki həmin ərazilərə ABŞ və digər ölkələrin investisiyaları yatırılacaq və bu da uzunmüddətli perspektivdə sülh sazişinin bağlanmasını daha real edəcək. Demilitarizasiya zonası isə istənilən an bəhanə ilə yeni toqquşmaların baş verməsi riskini saxlayır. Nəticə etibarilə hər şey Rusiyanın nəzarətinə keçməyən həmin ərazilərin taleyinin necə həll olunacağından asılıdır".  

Jalə Rövşən

TodayPress TV

tag: Şakir Ağayev,Siyasi ekspert,Ukrayna,Rusiya,Todaypress.tv,