Deputat: Prezidentin BMT Baş Assambleyasında iştirakı strateji əhəmiyyət daşıyır
Təhlil
25.09.2025 14:59
"Azərbaycan Prezidenti İlham Əliyevin sentyabr ayında BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri ölkəmizin beynəlxalq diplomatik fəallığının və qlobal arenada artan nüfuzunun parlaq nümunəsidir".
Bunu TodayPress TV-yə açıqlamasında deputat Naqif Həmzəyev bildirib.
"Səfər bir neçə əsas baxımdan Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir"
“Prezident İlham Əliyevin BMT-nin ən yüksək tribunasından çıxışı, Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında mövqeyini ifadə etməsi üçün mühüm imkan yaradıb. Sentyabrın 22-də başlayan səfər çərçivəsində ölkə başçısı dünya liderlərinin bir araya toplandığı prestijli tədbirdə fəal iştirak edib və Azərbaycanın qlobal məsələlərə münasibətini açıqlayıb”, - deyə o bildirib.
Deputat, həmçinin vurğulayıb ki, səfər zamanı keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyıb:
“Prezident İlham Əliyev sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Respublikasının Prezidenti ilə görüşərək Yaxın Şərq regionu ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində də mühüm addım atıb”.
O, eyni zamanda əlavə edib ki, Bolqarıstan Baş naziri ilə görüş Avropa ölkələri ilə tərəfdaşlığın dərinləşdirilməsini, ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüş isə iqtisadi əlaqələrin inkişafına xidmət edən praktik addımlar kimi qiymətləndirilə bilər.
Parlamentari Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın BMT Baş Assambleyası ilə əlaqədar Amerika Prezidenti Donald Trampın təşkil etdiyi rəsmi qəbulda iştirakını isə Azərbaycanın beynəlxalq protokoldakı yüksək statusunun göstəricisi kimi dəyərləndirib.
“Bu, ölkəmizin regional lider kimi rolunu möhkəmləndirən strategiya hesab olunur”
Onun sözlərinə görə, səfər regionda sülh və sabitliyin təmin edilməsi, həmçinin Azərbaycanın konstruktiv beynəlxalq siyasət yürütdüyü barədə mesajların dünya ictimaiyyətinə çatdırılması baxımından da əhəmiyyətlidir. Bu, ölkəmizin regional lider kimi rolunu möhkəmləndirən strategiya hesab olunur.
“Bu səfər həm ikitərəfli, həm də çoxtərəfli diplomatiya formatlarında Azərbaycanın fəallığını artırıb”
Naqif Həmzəyev son olaraq vurğulayıb ki, BMT Baş Assambleyasında iştirak Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsi və ölkənin müasir dövrün çağırışlarına uyğun siyasət yürütdüyünün nümayiş etdirilməsi üçün əlverişli platforma rolunu oynayıb. Bu səfər həm ikitərəfli, həm də çoxtərəfli diplomatiya formatlarında Azərbaycanın fəallığını artırıb.
“Prezident İlham Əliyevin BMT Baş Assambleyasında iştirakı Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu, diplomatik bacarığını və qlobal məsələlərə konstruktiv yanaşmasını əks etdirir. Bu səfər ölkəmizin gələcək beynəlxalq əlaqələrinin formalaşdırılması və strateji tərəfdaşlıqların inkişafı üçün əhəmiyyətli zəmin yaradıb. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən aktiv və məsuliyyətli aktor kimi tanınır”.
Jalə Rövşən
tag: Naqif Həmzəyev,Deputat,Prezident,BMT,Todaypress.tv,
