Azərbaycanın enerji siyasətində yeni mərhələ: İqtisadi yüksəliş və geosiyasi məsuliyyət

Təhlil

27.09.2025 11:06

Hazırda Azərbaycanın neft-qaz siyasətində dəyişiklik müşahidə olunur. 

Daha dəqiq desək, Azərbaycan artıq yalnız xammal ixracatçısı olmaqla kifayətlənmir, özünü etibarlı tranzit və enerji təminatçısı kimi təqdim edir.

Avropanın qaz ehtiyaclarının bir hissəsini qarşılamaq əsas strategiyalardan birinə çevrilib. 

Ancaq bölgədə gərginlik də çoxdur. 

Məsələn, enerji tranzitində artan əhəmiyyət Azərbaycanın regional balans siyasətinə (Türkiyə, Rusiya, İranla münasibətlər) necə təsir edə bilər?

Ümumiyyətlə, bu və bu kimi digər məsələlərin bizim üçün iqtisadi, geosiyasi gərginliyi varmı?

“Azərbaycanın enerji siyasətində son dövrdə müşahidə olunan dəyişikliklər ölkənin həm iqtisadi, həm də geosiyasi xəritəsini yeni reallıqlarla zənginləşdirir”.

Bu sözləri TodayPress TV-yə Milli Məclisin deputatı Elnarə Akimova şərh edərkən deyib. 

“Əgər əvvəllər Azərbaycan daha çox xammal ixracatçısı kimi tanınırdısa, bu gün artıq Avropanın enerji təhlükəsizliyinin təminində etibarlı tranzit və enerji təchizatçısı rolunu oynayır”,- deyə o bildirib. 

“Türkiyə ilə strateji müttəfiqliyin dərinləşməsi enerji əməkdaşlığının mərkəzində dayanır”

Parlamentari bildirir ki, xüsusilə Cənub Qaz Dəhlizi və TAP layihəsi Azərbaycanın yalnız iqtisadi maraqlarını deyil, həm də strateji nüfuzunu artıran amillərdən biridir:

“Bu dəyişikliklərin təsiri, ilk növbədə, Azərbaycanın regional balans siyasətində özünü göstərir. Türkiyə ilə strateji müttəfiqliyin dərinləşməsi enerji əməkdaşlığının mərkəzində dayanır və Bakı-Ankara tandemi Avropa üçün alternativ enerji xəritəsinin formalaşmasına töhfə verir. Digər tərəfdən, Azərbaycanın enerji tranzitində artan əhəmiyyəti Rusiya ilə münasibətlərdə incə balans tələb edir. Çünki Moskva özünü regionda əsas enerji oyunçusu kimi təqdim edir və Azərbaycanın sürətlə yüksələn rolunu diqqətlə izləyir. İranla münasibətlərdə də enerji məsələləri geosiyasi maraqlar fonunda əlavə həssaslıq doğurur”.

“Qlobal enerji təhlükəsizliyində Azərbaycanın artan rolu, əslində, ölkəmizi böyük güclər arasında geosiyasi oyunların bir hissəsinə çevirir”

 “Bütün bunlar Azərbaycanın üzərinə həm yeni iqtisadi imkanlar, həm də siyasi məsuliyyətlər qoyur. Avropa bazarına çıxış ölkəyə milyardlarla gəlir gətirsə də, bu, həm də Azərbaycanın regional güc mərkəzləri ilə münasibətlərində daha ehtiyatlı davranmasını şərtləndirir. Qlobal enerji təhlükəsizliyində Azərbaycanın artan rolu, əslində, ölkəmizi böyük güclər arasında geosiyasi oyunların bir hissəsinə çevirir. Nəticə etibarilə, Azərbaycanın əsas hədəfi bu mürəkkəb balansı qorumaqdır: bir tərəfdən milli maraqları müdafiə etmək, digər tərəfdən isə özünü sabit və etibarlı tərəfdaş kimi dünyaya təqdim etmək. Bu isə ölkəmizə həm iqtisadi sabitlik, həm də beynəlxalq nüfuz qazandırır”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Orxan Saffari

TodayPress TV

tag: Elnarə Akimova,Deputat,Azərbaycan,Enerji siyasəti,Todaypress.tv,