Azərbaycandan Ukraynaya növbəti DOST DƏSTƏYİ: “Əməkdaşlığımız genişlənir” - DEPUTAT

Təhlil

11.08.2025 15:11

“Azərbaycan ilə Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə tanıyır və hörmətlə yanaşır”.

Milli Məclisin deputatı Elman Nəsirov bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Deputat xatırladıb ki, 2000-ci ildə “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə”, 2008-ci ildə isə “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.

“Ən son olaraq, 2022-ci il yanvarın 14-də “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsi” iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu yüksək səviyyəli əməkdaşlıq çərçivəsində Azərbaycan Ukrayna xalqının humanitar ehtiyaclarının ödənilməsində fəal iştirak edir”.

Millət vəkili əlavə edib ki, Azərbaycan indiyədək müxtəlif vaxtlarda Ukraynaya humanitar yardımlar göndərib. Son olaraq Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Ukraynaya iki milyon ABŞ dolları dəyərində elektrik avadanlığı göndərilməsi qərara alınıb.

“Bütün bu addımlar Azərbaycan ilə Ukrayna arasında formalaşmış ənənəvi dostluq münasibətləri və qarşılıqlı anlayışa əsaslanır”, - deyə parlamentari fikrini tamamlayıb.

Qeyd edək ki, avqustun 11-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə iki milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıcaq. 

Aysel Mətləb

tag: Elman Nəsirov,Deputat,Azərbaycan,Ukrayna,Todaypress.tv,

photo