Azərbaycan və ABŞ münasibətlərində böyük irəliləyiş - DEPUTAT AÇIQLADI

Təhlil

09.08.2025 14:45

"907 ci düzəliş uzun illər Ermənistan-Azərbaycan arasında münaqişənin canlı tutulması üçün bizi sevməyənlərin əlində xüsusi bir təzyiq mexanizminə çevrilmişdi. Eyni zamanda, Azərbaycanın ən çətin dövrlərində onu müəyyən qədər maliyyədən məhrum etmişdi".

Milli Məclisin deputatı Hikmət Babaoğlu bu fikirləri TodayPress TV-ə açıqlamasında deyib.

Deputatın sözlərinə görə, Vaşinqtonda keçirilən ikitərəfli və üçtərəfli görüşlərin çoxsaylı mühüm tarixi əhəmiyyəti var. Amma bunların içərisində ayrıca bir mühüm detal 1992-ci ildə Amerika Birləşmiş Ştatları Konqresi tərəfindən Azadlığı Müdafiə Aktına edilmiş 907-ci düzəlişin dayandırılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın verdiyi qərardır.

"Bu həm də Azərbaycanın demokratik və hüquqi dövlət imicinə zərbə vuran bir qərar idi və daima bizim əleyhimizə istifadə olunurdu. Ona görə də 907-ci düzəlişin ləğv olunması bütün bu təzyiqləri və haqsızlığı üzərimizdən qaldırmış oldu.

Eyni zamanda qərar ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Memorandumun imzalanması üçün yaradılmış işçi qrupunun fəaliyyətinin önünü açdı". 

Hikmət Babaoğlunun fikrincə, ən vacib məsələlərdən biri elə bu hadisə idi ki, birdəfəlik olaraq Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına yaratdığı maneə aradan götürülmüş oldu.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutub. Görüş nəticəsində tərəflər arasında sülhə dair Birgə Bəyannamə imzalanıb. Bundan əlavə, ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəliş rəsmi şəkildə ləğv edilib.

Türkan İsgəndərli

tag: Hikmət Babaoğlu,Deputat,Azərbaycan,Sülh,907,Todaypress.tv,