Almaniya və Britaniya təhlükəni sezir: Gözlənilməz MÜDAFİƏ SAZİŞİ
Təhlil
18.07.2025 16:49
"Rusiya Avropaya qarşı hücum planlarının olmadığını desə də, Almaniya və Böyük Britaniya təhlükəni hiss edir".
Siyasi ekspert Abutalıb Səmədov bunu TodayPress TV-yə açıqlamasında deyib.
O, Böyük Britaniya və Almaniyanın II Dünya Müharibəsindən sonra ilk dəfə olaraq müdafiə sazişi imzalamasından bəhs edib:
"Həm Böyük Britaniya, həm də Almaniya NATO üzvüdür. NATO-nun yaradılması haqqında müqavilənin beşinci maddəsində qeyd olunur ki, üzv dövlətlərdən birinə qarşı təcavüz olarsa, digərləri ona yardım göstərməlidir. Lakin həmin maddədə “hərbi müdaxilə daxil olmaqla” ifadəsi yer alır. Bu isə o deməkdir ki, yardım yalnız hərbi müdaxilə ilə məhdudlaşmır – maliyyə, siyasi və digər vasitələrlə də ola bilər. Yəni həmin maddə müharibəyə məcburi müdaxiləni nəzərdə tutmur.
ABŞ Prezidenti Donald Tramp da bu məqama tez-tez diqqət çəkir. O, Avropa ölkələrinə açıq şəkildə bildirir ki, ABŞ-nin Avropanı hərbi vasitələrlə müdafiə etmək öhdəliyi yoxdur. Məhz bu səbəbdən Avropa ölkələri özlərini Rusiyadan qorumağın yollarını axtarırlar. Bu çıxış yollarından biri kimi Böyük Britaniya və Almaniya arasında imzalanan yeni ikitərəfli müdafiə sazişini göstərmək olar".
Siyasətçi müqavilənin vəziyyəti kəskin şəkildə dəyişməyəcəyini düşünür:
"Uzun müddətdir ki, həm Böyük Britaniyada, həm də Almaniyada hərbi xərclər 2 faizdən aşağı olub. İndi bu ölkələr 2035-ci ilə qədər hərbi xərclərini 5 faizə çatdırmaq öhdəliyi götürüblər. Aydındır ki, bu prosesi sürətləndirmək lazımdır. Avropa ölkələrinin güclü silah arsenalına ehtiyacı var. Ukrayna müharibəsi göstərdi ki, Avropa dövlətləri ABŞ-yə bütün ümidlərini bağlamaqla öz müdafiələrini xeyli zəiflədiblər və Rusiyanın qarşısına çıxarmaq üçün real gücə sahib deyillər. Əlbəttə, Tramp əbədi deyil və növbəti prezidentin NATO-ya münasibəti fərqli ola bilər. Lakin hər iki ölkə – Böyük Britaniya və Almaniya indiki vəziyyətdən çıxış yolları axtarır. Bu saziş onların hərbi gücünü radikal şəkildə dəyişməsə də, mütləq şəkildə atılmalı olan addımdır. Bu ölkələrin başqa alternativi yoxdur".
Analitik sazişin Rusiya ilə münasibətlərə təsirindən də söz açıb:
"Onsuz da həm Almaniyanın, həm də Böyük Britaniyanın Rusiya ilə münasibətləri düşmənçilik səviyyəsindədir. Moskva dəfələrlə bu ölkələri raket zərbələri ilə hədələyib. Bu səbəbdən hesab etmirəm ki, bu saziş münasibətlərdə əlavə gərginlik yaradacaq, çünki gərginlik onsuz da yüksəkdir. ABŞ-dən sonra Ukraynaya ən çox dəstək verən ölkələr Almaniya və Böyük Britaniyadır".
A.Səmədov sonda əlavə edib ki, bu müqavilə yeni güc mərkəzi yaratmaq cəhdlərindən biridir:
"Ola bilsin, yaxın gələcəkdə bu ittifaqa başqa ölkələr də qoşulsun. Amma qısa müddətdə hərbi xərcləri ciddi şəkildə artırmadan real güc mərkəzi yaratmaq mümkün deyil. Bununla belə, istiqamət aydındır. Rusiya rəsmiləri Avropaya qarşı hücum planlarının olmadığını desələr də, Almaniya və Böyük Britaniya təhlükəni hiss edir və tədbir görməyə çalışırlar. Çünki prezident Vladimir Putin eyni sözləri vaxtilə Ukraynaya da deyir, hücum niyyətinin olmadığını bildirirdi".
Qeyd edək ki, iyulun 17-də Böyük Britaniya və Almaniya İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq müdafiə sazişi imzalayıb. Sazişə əsasən, tərəflər xarici hücum halında bir-birini müdafiə etməyi öhdəsinə götürür. Razılaşmada 2000 km-dən artıq məsafəli raketin birgə hazırlanması (10 il ərzində), qanunsuz miqrasiyaya qarşı əməkdaşlıq və Brexit-dən sonrakı ticarətin sadələşdirilməsi nəzərdə tutulur. Əsas təhlükə mənbəyi kimi Rusiya göstərilir.
Qiymət Mahir
tag: Abutalıb Səmədov,Politoloq,Fransa,Almaniya,Todaypress.tv,
