30 ildən artıq davam edən münaqişəyə son: "Azərbaycanın mövqeyi möhkəmlənir"
Təhlil
09.08.2025 14:29
"Vaşinqton müqaviləsi Azərbaycanın suverenliyini təsdiqləyir, Ermənistan isə sərhədlərimizi tanıyır ki, bu da gələcəkdə sülhün möhkəmlənməsi üçün vacib hüquqi baza yaradır".
Milli Məclisin deputatı Ceyhun Məmmədov TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sülh müqaviləsi Azərbaycan ilə Ermənistan arasında 30 ildən artıq davam edən münaqişəyə son qoymaqla Cənubi Qafqazda yeni dövrün başlanğıcıdır.
Deputat vurğulayıb ki, bu nailiyyət Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm siyasi əsasların və Prezident İlham Əliyevin qətiyyətli diplomatik fəaliyyətinin nəticəsidir.
"Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi və sülhün təmin olunması istiqamətində atdığı addımlar Azərbaycanın haqq səsinin beynəlxalq səviyyədə qəbul edilməsinə imkan yaradıb. Həmçinin əsir və girovların azad olunması, humanitar məsələlərin həlli xalqlar arasında etimad mühitinin formalaşmasına xidmət edir".
Parlamentari bildirib ki, iqtisadi əməkdaşlıq və nəqliyyat dəhlizlərinin açılması regionun iqtisadi inkişafına təkan verəcək və xalqlar arasında dostluq münasibətlərini möhkəmləndirəcək.
"Bu müqavilə gələcək nəsillər üçün sülh, sabitlik və əməkdaşlıq şəraitinin təmin olunmasında mühüm rol oynayacaq və Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsini təsdiq edir", - deyə Ceyhun Məmmədov fikrini sonlandırıb.
Türkan İsgəndərli
tag: Ceyhun Məmmədov,Deputat,Azərbaycan,Ermənistan,Todaypress.tv,