Xocalı prospektindəki yanğınla bağlı DAHA BİR AÇIQLAMA

Sosial

18.03.2026 15:35

Xətai rayonu, Xocalı prospektində yaşayış binasında baş verən yanğından sonra sakinlər hadisəyə səbəb kimi elektrikli avtomobillərin şarj olunmasını göstəriblər. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, binaların elektrik şəbəkələrinə şarj qurğularının kustar üsullarla və qeyri-peşəkar şəkildə qoşulması yolverilməzdir. 


O vurğulayıb ki, yalnız şarj cihazları deyil, ümumiyyətlə hər hansı elektrik avadanlığı şəbəkəyə qoşularkən onun texniki göstəriciləri mütləq nəzərə alınmalıdır:

"Elə cihazlar seçilməlidir ki, normativ standartlara cavab versin. Bundan əlavə, bu tip işlər aidiyyəti qurumların rəyi və razılığı əsasında həyata keçirilməli, quraşdırma isə yalnız ixtisaslaşmış müəssisələr tərəfindən aparılmalıdır. Həm fərdi yaşayış evlərində, həm də çoxmənzilli binalarda şarj cihazı quraşdıran şəxslər təhlükəsizlik məsələsini ön plana çəkməlidirlər".

Ekspertin sözlərinə görə, elektrik şəbəkəsinin normadan artıq yüklənməsi, kənar müdaxilələr və standartlara uyğun olmayan qurğuların istifadəsi ciddi risklər yaradır:  

"Bu cür hallarda elektrik xətlərində qızma, qısaqapanma, alışma və nəticədə yanğın baş verə bilər. Bu səbəbdən belə məsələlərdə mütləq diqqətli olmaq lazımdır", - deyə Elman Nurəliyev bildirib. 

Qeyd edək ki, martın 17-də FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Baş vermiş yanğının səbəbləri araşdırılır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Elmar Nurəliyev,Ekspert,Xocalı prospekti,Yanğın,Todaypress.tv,