Ümid verən əməliyyat: Orqan donorluğu niyə vacibdir?

Sosial

03.02.2026 17:47

Azərbaycanda iki nəfərə meyitdən ürək köçürülüb. Əməliyyat olunan gəncin səhhətinin yaxşı olması isə cəmiyyətdə orqan donorluğu və bu sahənin gələcək imkanları ilə bağlı müzakirələri daha da aktuallaşdırıb.

Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev TodayPress TV-yə bildirib ki, istər meyitdən orqan köçürülməsi, istərsə də insanların sağlığında, və ya vəfat etdikdən sonra orqanlarını donor kimi təqdim etməsi humanist və müsbət yanaşmadır.


Onun sözlərinə görə, bu cür qərarlar insanlığın və cəmiyyətə fayda vermək istəyinin göstəricisidir:

"Tibbi texnologiyalar sürətlə inkişaf edir və gələcəkdə hazırda mümkünsüz görünən bir çox əməliyyatlar reallaşa bilər. Süni intellektin tətbiqi, robot cərrahiyyənin təkmilləşməsi, 3D-bioprintinq və gen mühəndisliyi sahəsindəki yeniliklər xəstəliklərin diaqnostika və müalicə üsullarını köklü şəkildə dəyişir. Artıq bəzi ölkələrdə robotlar insan əli ilə icra edilən mürəkkəb əməliyyatları daha yüksək dəqiqliklə həyata keçirir, fərdi xəstələr üçün orqan və toxumaların çapı üzərində uğurlu sınaqlar aparılır".

Həkim əlavə edib ki, donor seçimində diqqət yetirilməli məqamlar artıq səhiyyə sisteminin üzərinə düşən məsuliyyətdir.   

"Belə ki, vəfat edən şəxsin keçirdiyi xəstəliklər, genetik risklər, ailə anamnezi, xüsusilə ürək və digər irsi problemlərin olub-olmaması mütləq şəkildə araşdırılmalıdır".

Aydın Əliyev sonda qeyd edib ki, insanın vəfat etdikdən sonra orqanlarının səhiyyə sistemində donor kimi istifadə olunmasına razılıq verməsi yüksək humanist dəyər daşıyır və bu təşəbbüslərə ümumilikdə müsbət yanaşır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aydın Əliyev,Dosent,Orqan,Donor,Todaypress.tv,