Türkiyənin ilk astronavtı Alper Gezeravcı Bakıda gənclərlə görüşüb

Sosial

28.10.2025 13:49

Türkiyənin ilk astronavtı və hərbi pilotu Alper Gezeravcı Bakıda Yunus Əmrə İnstitutunda tələbələrlə görüş keçirib. Görüşün məqsədi gəncləri kosmos elmi haqqında maarifləndirmək və bu sahəyə marağı artırmaq olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Güçlü Ankara" qəzeti yazıb.

İnstitutun koordinatoru Gökhan Seyhan çıxışında bildirib ki, bu görüş gənclərə elmə və arzularına inanmaqda ilham vermək məqsədi daşıyır.

Alper Gezeravcı çıxışında qeyd edib ki, son 19 ayda 224 şəhərdə 500-dən çox tədbir keçiriblər:

“Bu, sadəcə lütf deyil, məsuliyyətdir. Türkiyə yalnız öz gəncləri üçün deyil, qardaş ölkələrin gəncləri üçün də məsuliyyət hiss edir”.

O, Türkiyənin Milli Kosmos Proqramının 10 əsas hədəfindən ikisinə artıq nail olunduğunu bildirib və Türkiyə ilə Azərbaycanın bu sahədə əməkdaşlığının gücləndiyini vurğulayıb.

Gezeravcı gəncləri elmə və texnologiyaya yönəlməyə çağıraraq, Türk gəncliyinin yüksək intellekt və iradəyə malik olduğunu qeyd edib.

Görüş sual-cavab sessiyası ilə yekunlaşıb.

Jalə Rövşən

TodayPress TV


tag: Türkiyənin ilk astronavtı,Alper Gezeravcı, Yunus Əmrə İnstitutu,Gökhan Seyhan,Todaypress.tv,