Sosial şəbəkələrdə nəzarətsizlik: Artıq informasiya məkanı tam anarxik vəziyyətdədir

Sosial

30.10.2025 15:35

Çində sosial media blogerlərinə tibbi, hüquqi, maliyyə və təhsil kimi mövzuları yalnız həmin sahələrdə müvafiq təhsilləri olduqları halda müzakirə etməyə icazə verilib. Yeni qaydalar oktyabrın 25-dən qüvvəyə minib.

Qanuna əsasən, blogerlər və kontent yaradıcıları paylaşım etməzdən əvvəl öz ixtisaslarını təsdiqləyən sənədləri təqdim etməlidirlər.

Bəs oxşar qayda Azərbaycanda tətbiq oluna bilər?

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı TodayPress TV-yə açıqlamasında bildirib ki, bu qərar çox doğru və təqdirəlayiq addımdır, oxşar nəzarət sisteminin Azərbaycanda da tətbiqi zəruridir.

Onun sözlərinə görə, ölkəmizdə də bu sahədə nəzarət mexanizmləri olmalıdır:

"Azərbaycan ictimai məkanında, sosial şəbəkələrdə çox sayda bloger müxtəlif mövzularda çıxış edərək insanları səhv yönləndirir. Bura "IP yığmaq" naminə sağlamlığa zərərli, saxta məlumatlar, hüquqi və maliyyə mövzularında təxribat xarakterli paylaşımlar da daxildir. Bu kimi halların qarşısını almaq üçün şəxslərin yalnız ixtisaslı olduqları mövzularda çıxış etməsinə icazə verilməlidir. Həmin şəxslərin ya bu sahədə ali və ya orta ixtisas təhsili, ya da uzunmüddətli praktik təcrübəsi olmalıdır. Jurnalistlər istisna təşkil edir, çünki onlar peşəkar qaydada ekspert rəylərinə əsaslanır. Lakin sosial şəbəkə istifadəçiləri heç bir prinsipə riayət etmədən istənilən məlumatı paylaşır, cəmiyyətə zərər vururlar".

Sosioloq hesab edir ki, hazırda informasiya məkanı tam nəzarətsizdir və bu, ictimai şüuru çaşdırır:

"İnformasiya məkanı artıq sosial şəbəkəçilərin əlindədir. İnsanlar məlumatları, məsləhətləri onlardan alır. Bu da xaotik bir vəziyyət yaradır. Artıq elə bir dövrə çatmışıq ki, demək olar, hər kəs “jurnalist” olub. Çünki indi hərənin əlində bir telefon, kamera və ya diktafon var. İstəyən istədiyi kimi video çəkir, səs yazır, paylaşır, müxtəlif məzmunlar yayır. Amma problem ondadır ki, bütün bunlara görə heç bir məsuliyyət daşımır. Belə bir şəraitdə müəyyən inzibati və texnoloji tənzimləyici mexanizmlər vacibdir".

Elçin Bayramlı əlavə edib ki, sosial şəbəkələrdə zərərli məlumatlar yayan, səhv məlumatlar yayan, heç bir anlayışı olmayan mövzularda çıxışlar eləyib insanları çaşdıran şəxslərə qarşı analoji addımların atılması vacibdir.

Türlan İsgəndərli

TodayPress TV


tag: Çin,Sosial,Media,Bloger,Todaypress.tv,

photo