Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başladı

Sosial

16.06.2025 15:38

İyunun 16-dan “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group" və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə 4-cü “YAŞAT” düşərgəsinə start verilib.

TodayPress TV xəbər verir ki, bu barədə ASAN Xidmət məlumat yayıb.

Ümumilikdə 500-dən çox şəhid övladını əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları ilə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.

"Lankaran Springs Wellness Resort" Hotelində baş tutacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcəkdir.

Avqust ayının sonunadak reallaşdırılacaq düşərgələrdə şəhidlərimizin 10-11, 12-14, 15-17 yaş kateqoriyasında olan övladları iştirak edəcəklər.

Düşərgənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıb.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər keçiriləcək.


tag: YAŞAT Fondu,ASAN Könüllüləri,Şəhid,Düşərgə,todaypress.tv,

photo
photo