Əsgərliyə gedənlərin kreditini kim ödəməlidir?
Sosial
11.09.2025 18:00
Azərbaycanda 18 yaşını keçmiş şəxslər həqiqi hərbi xidmətə çağırılır.
Bəzən isə onların üzərində müxtəlif kredit öhdəlikləri qalır. Bu, təhsil, telefon və ya digər məqsədlər üçün götürülən borclar ola bilər.
Onların bu borclarının aqibəti necə olur?
Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən hüquqşünas Günay Abbasova bildirib ki, hərbi xidmətə gedən şəxslərin maliyyə öhdəlikləri qüvvədə qalır və onlar bundan azad olunmurlar:
"Şəxs artıq yetkinlik yaşına çatıbsa və kredit götürmək hüququna malikdirsə, bu halda maliyyə öhdəlikləri də daşıyır. Hərbi xidmətdə olmağı onun gəlir əldə etməməsinə səbəb olsa da, bu, öhdəliklərin icrasından azad etmir. Kredit müqaviləsinə xitam verilmir. Sadəcə olaraq, kreditin restrukturizasiyası nəzərdə tutula bilər. Yəni borcun ödəniş müddəti uzadıla, aylıq ödənişlərin məbləği azaldıla bilər. Bunun üçün şəxs xidmətə yollanmadan əvvəl banka müraciət etməli, ərizə ilə vəziyyəti izah etməlidir".
Hüquqşünasın sözlərinə görə, kredit müqaviləsində zamin göstərilibsə, ödənişlərin vaxtında aparılmasına o məsuliyyət daşıyır:
"Əgər şəxs hərbi xidmətdə olduğu müddətdə ödənişlər gecikərsə, bu halda krediti zamin ödəməlidir. Burada nə öhdəliklərə xitam verilməsi, nə də kreditin dondurulması məsələsi gündəmdə deyil".
Günay Abbasova qeyd edib ki, əsgərliyə gedən şəxslər kredit borclarını tamamilə silinmiş hesab edə bilməz. Onlar yalnız bankın təqdim etdiyi güzəştli şərtlərdən yararlana bilərlər.
Məlumat üçün bildirək ki, növbəti həqiqi hərbi xidmətə çağırılma prosesi oktyabrın 1-30 tarixində baş tutacaq.
Türkan İsgəndərli
tag: Əsgərlik,Kredit,Zamin,Hərbi xidmət,Todaypress.tv,