Dərdini süni intellektə danışanlara XƏBƏRDARLIQ: Həyatınız risk altındadır....

Sosial

12.06.2025 12:31

“Süni intellektdən asılılıq psixi pozuntulara, hətta intihar riskinə yol aça bilər”.

Psixoloq Aytən Ələkbərova bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, müasir dövrdə süni intellektlə ünsiyyət həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bir çox insan suallarına cavab tapmaq, məlumat öyrənmək və ya sadəcə təkliyini bölüşmək üçün virtual aləmdən istifadə edir. Bu növ texnoloji yaxınlıq psixoloji təhlükələrlə də müşayiət oluna bilər. Süni intellektlə uzunmüddətli, emosional bağlılıq formalaşdıran insanların bir çoxunda şəxsiyyət pozuntuları, depressiv sindromlar və sosial izolyasiya müşahidə olunur.

"Virtual məkanda uzun müddət vaxt keçirən, xüsusilə süni intellektlə “ünsiyyət”i real münasibətlərə üstün tutan fərdlər getdikcə özlərinə qapanıb, real dünyadan uzaqlaşaraq endogen depressiya, günahkarlıq hissi kimi ağır psixi hallara sürüklənirlər. İnsan özü-özü ilə söhbət etdikcə və bütün cavabları süni intellektdən almağa öyrəşdikcə, artıq canlı ünsiyyətə olan ehtiyacını azaldır. Bu isə nəticədə şəxsiyyət pozuntularına yol açır. Müraciət edən şəxslərdə tez-tez dərin yalnızlıq, natamamlıq kompleksi və günahkarlıq duyğusunu yaşanır”.

Psixoloq əlavə edib ki, insanlar bəzən etdikləri səhvləri və ya yaşadıqları duyğusal travmaları paylaşmaqdan çəkinir, xüsusilə də bu gənclər və yeniyetmələrdirsə, daha çox qorxu hissi keçirirlər. Məsələn, valideynlərə və ya partnyora nəyinsə çatdırılmasından ehtiyat edən şəxslər psixoloqa belə müraciət etməkdən imtina edərək, bütün ehtiyaclarını süni intellektlə “bölüşürlər”. Bu isə dərman asılılığına bənzər bir vərdişə çevrilir:

“Süni intellektin verdiyi cavablar bəzən insana sakitləşdirici təsir edir, lakin bu, antidepressant kimi qısa müddətli rahatlıq hissidir. Uzun müddətdə isə insanlar ətraf aləmi anlamır, sosial bağlarını itirir və təcrid olunmuş həyat tərzinə düşürlər. Nəticədə psixoterapevtik müdaxilə tələb edən ciddi psixoloji pozuntular meydana çıxır", - deyə o, əlavə edib. 

Sonda mütəxəssis  süni intellektlə emosional bağlar quran insanlarla bağlı statistik hesabatların hazırlanmasını və geniş maarifləndirici müsahibələrin aparılmasını təklif edib.

Töhfə Səməd

tag: Süni intellekt,Psixoloq ,Aytən Ələkbərova,Dərd,Xəbərdarlıq,todaypress.tv,

photo