Bakıda tıxac vergisi tətbiq oluna bilər: Nəqliyyat sıxlığı azalacaq?
Sosial
16.12.2025 14:45
"Dünyada istifadə olunan "Congestion charge", yəni tıxac vergisi modelinin Azərbaycanda da tətbiq olunması nəqliyyat sıxlığını azalda bilər".
Bu fikirləri TodayPress TV-yə nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.

Onun sözlərinə görə, bu mexanizm yol infrastrukturundan daha səmərəli istifadə olunmasına və ətraf mühitə dəyən ziyanın minimuma endirilməsinə xidmət edir:
"Qeyd edim ki, məsələ ilə bağlı artıq müvafiq sərəncam mövcuddur və tətbiq mexanizmləri mərhələli şəkildə nəzərdə tutulur. Tıxac vergisi müəyyən ərazilərə və ya zonalara avtomobillə daxil olarkən ödəniş edilməsini nəzərdə tutur. Bu zonalara əsasən şəhərin mərkəzi hissələri, işgüzar rayonlar və nəqliyyatın ən çox yükləndiyi ərazilər daxil edilə bilər. Məqsəd həmin ərazilərə nəzarətsiz avtomobil axınının qarşısını almaq, şəxsi nəqliyyatdan istifadənin azalmasına və ictimai nəqliyyatın daha cəlbedici hala gəlməsinə şərait yaratmaqdır".
Ekspert əlavə edib ki, bu sistem tətbiq edildikdən sonra sürücülər alternativ marşrutlara, ictimai nəqliyyata və ya daha az sıx saatlarda hərəkət etməyə təşviq olunacaqlar:
"Eyni zamanda, toplanan vəsaitin yol infrastrukturunun yaxşılaşdırılmasına, ictimai nəqliyyatın inkişafına və ekoloji layihələrin maliyyələşdirilməsinə yönəldilməsi də nəzərdə tutulur".
Yasin Mustafayev vurğulayıb ki, tıxac vergisi sadəcə əlavə ödəniş mexanizmi deyil. Bu sistem ümumilikdə şəhər həyatının keyfiyyətinin yüksəldilməsinə, nəqliyyatın daha səmərəli və ekoloji cəhətdən dayanıqlı şəkildə idarə olunmasına xidmət edən kompleks bir yanaşma kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, yenilik Prezident İlham Əliyevin imzaladığı avtomobil nəqliyyatının müntəzəm sərnişindaşıması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanda öz əksini tapıb.
Türkan İsgəndərli
tag: Yasin Mustafayev, Nəqliyyat,Tıxac,Vergi,Todaypress.tv,
