Azərbaycanı zəlzələ gözləyir? - Qurban Yetirmişli AÇIQLANDI

Sosial

31.10.2025 13:29

Son günlər Türkiyədə ardıcıl baş verən zəlzələlər regionda narahatlıq yaradıb. İnsanları maraqlandıran əsas suallardan biri isə bu proseslərin Azərbaycana təsir edib-etməyəcəyi ilə bağlıdır.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, hazırda zəlzələlərin Azərbaycana təsir ehtimalı sıfırdır. 

Onun sözlərinə görə, konkret şəkildə heç bir təsir ola bilməz, çünki seysmik vəziyyət daimi nəzarət altındadır.

"Türkiyədə baş verən zəlzələlər tamamilə fərqli laylarda, bir-biri ilə əlaqəsi olmayan dərinlik qırılmaları zonasında müşahidə olunur. Təsir yalnız o halda ola bilərdi ki, hadisə daha yaxın məsafədə baş versin və silkələnmə bizim ərazidəki cihazları aktivləşdirsin. Lakin aparılan müşahidələr və elmi faktlar göstərir ki, Azərbaycanın heç bir bölgəsində bu cür hadisələrə birbaşa təsir göstərə biləcək ocaqlar yoxdur".

Mütəxəssis əlavə edib ki, ölkəmizdə qeydə alınan zəlzələlərin əksəriyyəti hiss edilmir və Azərbaycanda yaxın zamanda güclü zəlzələ gözlənilmir. Ancaq Türkiyədə zəlzələlər davam edəcək:

"Türkiyədə artıq bir neçə aydır proses davam edir və bu, bir müddət də çəkəcək. Çünki güclü zəlzələlər zamanı qırılma boyu parçalanmalar baş verir və həmin sahələrin tam sakitləşməsi müəyyən vaxt tələb edir", - deyə Qurban Yetirmişli fikrini sonlandırıb.

Qeyd edək ki, Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib. Təkanlar Bursa, İzmir, Manisa və İstanbulda təşvişə səbəb olub.  Bir çox şəhərlərdə sakinlər evlərini tərk edərək həyətlərə və parklara üz tutublar.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qurban Yetirmişli,Seysmoloji,Azərbaycan,Zəlzələ,Todaypress.tv,