Ziddiyyətli maraqlar: Çin İrana dəstək verməsəydi, Tehran...

Siyasət

17.02.2026 00:07

Fevralın 17-də İsveçrədə İran və ABŞ nümayəndələri arasında danışıqlar keçiriləcək. Görüş Omanın vasitəçiliyi ilə baş tutacaq və əsas mövzu İranın nüvə dosyesi olacaq.

Politoloq Məhəmməd Əsədullazadə bu barədə TodayPress TV-yə danşarkən bildirib ki, tərəflər arasında maraqlar ziddiyyətlidir və proses hərbi gərginliyə doğru yönəlir.


"ABŞ ilə İran arasında İsveçrədə keçirilən danışıqların müsbət nəticə verəcəyi inandırıcı görünmür. ABŞ-nin mövqeyi prinsipialdır və Vaşinqton İranın nüvə proqramından imtina etməsini, həmçinin balistik raket proqramını məhdudlaşdırmasını və proksi qüvvələrə dəstəyi dayandırmasını tələb edir. Bu görüş Omanda keçirilən danışıqların davamıdır", - deyə siyasi şərhçi vurğulayıb.


Analitik qeyd edib ki, ABŞ eyni zamanda İran ətrafına yeni aviadaşıyıcılar, qırıcılar və canlı qüvvə yerləşdirib. Bu da danışıqlarda Tehrana təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Çin İranı dəstəkləyir və Tehran da öz mövqeyindən geri çəkilmir: 

“Düşünürəm ki, danışıqlar nəticəsiz olacaq. Çünki tərəflərin maraqları ziddiyyətlidir. Əgər Çin İrana dəstək verməsəydi, Tehran bir sıra məsələlərdə ABŞ ilə razılaşmaya gedə bilərdi. Lakin hazırkı vəziyyət hərbi böhrana doğru irəliləyir. İranın əlində olan silah potensialı onu danışıqlarda daha sərt mövqedən çıxış etməyə sövq edir".


M. Əsədullazadənin fikrincə, proseslərin inkişafı ABŞ-nin İrana qarşı hərbi zərbələr endirməsi ehtimalını da gündəmə gətirə bilər.

Aysel Mətləb

TodayPress TV

tag: Məhəmməd Əsədullazadə,ABŞ,İran,Çin,Danışıq,Todaypress.tv,