Zəhra Pezeşkian: “Bakı səfəri İran–Azərbaycan dostluğunun mesajıdır”
Siyasət
23.12.2025 11:03
“İran–Azərbaycan münasibətləri dərin tarixi, mədəni və mənəvi əsaslara söykənir”.
TodayPress TV xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidentinin qızı Zəhra Pezeşkian “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq konfransı”nda çıxışı zamanı deyib.
O bildirib ki, bir müddət əvvəl atası, Məsud Pezeşkianla birlikdə Bakıya və Xankəndiyə səfər edib və həmin səfər çərçivəsində Azərbaycan Prezidentinin hörmətli xanımı Mehriban Əliyeva ilə yaxından tanış olmaq fürsəti qazanıb.
Zəhra Pezeşkian qeyd edib ki, bu səfərdən qısa müddət sonra Bakıya yenidən gəlməsi adi diplomatik çərçivələrdən daha geniş məna daşıyır. Onun sözlərinə görə, bu gəliş müsəlman və qonşu iki dövlət — İran və Azərbaycan arasında dərin dostluğun və səmimi mənəvi bağlılığın ifadəsidir.
Çıxışında ortaq dəyərlərə də toxunan Zəhra Pezeşkian vurğulayıb ki, İran və Azərbaycan tarixi, mədəni və dini baxımdan ortaq köklərə malikdir və bu irs qarşılıqlı münasibətlərin dostluq və davamlılıq əsasında qorunması üçün əvəzsiz sərvət hesab olunur.
O əlavə edib ki, bu ortaq dəyərlərdən biri də ailə institutunun müqəddəsliyidir. İslam dünyagörüşünə əsasən, qadın ilahi gözəlliyin təcəssümü kimi qəbul olunur və ailənin, mədəniyyətin və cəmiyyətin tərbiyə sisteminin mərkəzində mühüm, insan formalaşdıran rol oynayır.
Qiymət Mahir
tag: Zəhra Pezeşkian,Bakı,Səfər,Tədbir,Todaypress.tv,
