XİN: “Delimitasiya prosesi mərhələli şəkildə Şimaldan Cənuba doğru aparılacaq”

Siyasət

26.12.2025 16:39

“Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə yaradılmış komissiyalar hazırda fəaliyyətdədir. Proses vaxtaşırı olaraq komissiyaların tərkiblərinin görüşləri ilə kifayətlənmir. Bu iş həm siyasi həssaslıq, həm də ciddi texniki detallarla müşayiət olunur”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, tərəflər arasında ümumi yanaşma delimitasiyanın Şimaldan Cənuba doğru həyata keçirilməsidir. Onun sözlərinə görə, delimitasiya prosesi birdəfəlik deyil, mərhələli və hissə-hissə icra olunacaq.

Ceyhun Bayramov qeyd edib ki, bu mərhələlər çərçivəsində anklav və eksklavlarla bağlı məsələlər də öz həllini tapmalıdır və bu mövzular xüsusi diqqət mərkəzində saxlanılır.

Nazir əlavə edib ki, 2025-ci il ərzində müşahidə olunan müsbət dinamika delimitasiya prosesinin irəliləməsinə də öz müsbət töhfəsini verir.

Qiymət Mahir

TodayPress TV

tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,