Vüqar Əhmədov: “ABŞ-nin UNESCO-dan çıxması buna bariz nümunədir”
Siyasət
24.07.2025 11:20
“Azərbaycan imperiya siyasəti ilə üzləşən xalqların səsini qlobal miqyasa çıxarır”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov “Fransanın müstəmləkəçilik siyasəti və bu ölkədə insan haqlarının vəziyyətinə dair ictimai dinləmələr” mövzusunda keçirilən konfransda deyib.
O, Azərbaycanın kifayət qədər fəal və məqsədyönlü xarici siyasət yürütdüyünü bildirib:
“Bu gün ölkəmiz Qlobal Cənubda da öz təşəbbüsləri və prinsipial mövqeyi ilə seçilir. Yeni Kaledoniyada azadlıq hərəkatının başladığının şahidi oluruq. Bu, Azərbaycanın imperiya siyasəti ilə üzləşən xalqların səsini qlobal miqyasda eşitdirdiyini göstərir.
Eyni zamanda Fransada afrika əsilli insanlara qarşı sərt və ayrıseçkiliklə müşayiət olunan siyasət dəfələrlə gündəmə gəlib. Azərbaycan bu kimi məsələləri beynəlxalq tribunalarda qaldırmaqdan çəkinməyib və daim qlobal ədalət prinsipini müdafiə edib”.
Vüqar Əhmədov artıq beynəlxalq təşkilatların da əvvəlki nüfuzunu və təsir gücünü qoruyub saxlaya bilmədiyi qeyd edib:
“ABŞ-nin UNESCO-dan çıxması buna bariz nümunədir. Qeyd edək ki, həmin təşkilatın baş ofisi məhz Fransada yerləşir. Bu, Fransanın beynəlxalq arenadakı təsir imkanlarının azaldığını göstərir. Bu gün Qlobal Cənub, Afrika ölkələri beynəlxalq müstəvidə daha fəal mövqe sərgiləyirlər. Azərbaycan da onların səsinin eşidilməsi və hüquqlarının müdafiəsi istiqamətində dəstək göstərməyə davam edir”.
Qiymət Mahir
tag: Vüqar Əhmədov,Fransa,Müstəmləkə,ABŞ,UNESCO,Todaypress.tv,