“Ver Tayvanı, al İranı” — Bu baş versə...
Siyasət
17.02.2026 15:05
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı zamanı Tayvana Amerika silahlarının tədarüküəsələsini müzakirə edib.

Tramp, həmçinin yaxın gələcəkdə bu məsələ ilə bağlı qərar vermək niyyətində olduğunu deyib:
“Mənim bir cavabım var. Bu barədə onunla danışıram. Yaxşı söhbətimiz oldu və tezliklə qərar verəcəyik”.
Maraqlıdır, Trampın Tayvanla bağlı qərarı nə ola bilər?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fəqani Məhərrəmli hazırda “Yeni Dünya Nizamı” haqqında geniş müzakirələr aparıldığını diqqətə çatdırıb:
“Bu nizamın əsas tərəflərinin ABŞ və Çin olacağı da bildirilir. Bu kontekstdə Tramp ilə Si Cinpin arasında baş tutan telefon danışığı dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Rəsmi məlumatlara görə, telefon danışığında bir sıra ikitərəfli və qlobal məsələlər müzakirə olunub. Çin rəhbəri açıq şəkildə Trampın diqqətinə çatdırıb ki, Tayvan Çinin ərazisinin ayrılmaz hissəsidir və Çin dövləti suverenliyini, eləcə də ərazi bütövlüyünü bərpa etməkdə qətiyyətlidir. Eyni zamanda rəsmi Pekin ABŞ silahlarının adaya tədarükünün dayandırılmasını tələb edib”.

Ekspertin fikrincə, iki supergüc liderinin telefon danışığında “İran məsələsi” də ciddi şəkildə müzakirə olunub:

“Belə ki, ABŞ Çindən neft idxalını İrandan deyil, Venesueladan həyata keçirməsini istəyir. Artıq Hindistan Trampın bu istəyini yerinə yetirib və Baş nazir Narenda Modi ölkəsinin neft tələbatını Rusiyadan deyil, Venesueladan qarşılamaq qərarı verib. Çinin də yaxın zamanda İran neftini Venesuela nefti ilə əvəzləyəcəyi gözlənilir”.

Lakin maraqlı məqam budur ki, bu, nəyin müqabilində baş verə bilər?
F.Məhərrəmli bunu da izah edib.
Onun qənaətincə, ABŞ və Çinin “Ver Tayvanı, al İranı” prinsipi əsasında anlaşmaya gəlməsi də mümkündür. Əgər bu baş verərsə, yaxın gələcəkdə Tayvan və İran ətrafında yeni hadisələrin şahidi ola bilərik.
Qiymət Mahir
tag: Çin,ABŞ,Tayvan,Prezident,Si Cinpin,Todaypress.tv,
