Ukrayna Azərbaycandan təbii qaz alacaq - Yeni müqavilənin perspektivləri

Siyasət

28.07.2025 16:26


Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti Azərbaycanın SOCAR şirkəti ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb.

Bu barədə TodayPress TV-yə danışan iqtisadçı Akif Nəsirli bildirib ki, Ukraynanın enerji tələbatını qarşılamaq məqsədilə Azərbaycanın qaz ixracının bir hissəsi bu ölkəyə yönəldiləcək. 

“Ukrayna əvvəllər ildə təxminən 18-19 milyard kubmetr qaz hasil edirdi. Hazırda da bu həcmdə hasilat davam edir. Lakin əvvəllər ölkə illik 25-26 milyard kubmetr qaz tələbatının 10 milyard kubmetrə qədər olan hissəsini Rusiya qazı ilə təmin edirdi. Müharibənin təsiri ilə əhalinin bir hissəsi ölkəni tərk edib, sənaye müəssisələri fəaliyyətini dayandırıb və nəticədə qaz tələbatı 6-7 milyard kubmetrədək azalıb”.  

İqtisadçının sözlərinə görə, Azərbaycanın TAP (Trans-Adriatik Boru Kəməri) vasitəsilə Bolqarıstana ötürdüyü qaz, Rumıniya ərazisindən keçməklə Ukraynaya çatdırılacaq. Artıq bu məqsədlə Bolqarıstanla əlavə boru kəməri bağlantısı da yaradılıb.

O əlavə edib ki, bu həm Azərbaycanın qaz ixracında yeni bir bazara daxil olması, həm də Avropanın enerji təhlükəsizliyində iştirakının genişlənməsi baxımından mühüm addımdır:

“Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı memorandumda qaz ixracının 20 milyard kubmetrə qədər artırılması hədəflənir. Ötən il 12 milyard kubmetr qaz ixrac olunmuşdu. Bu il də göstərici eynidir və həmin qazın bir hissəsi Ukraynaya yönəldiləcək. Gələcəkdə ixrac artdıqca, Ukraynaya satılan qazın həcmi də artırıla bilər”. 

Akif Nəsirli qeyd edib ki, bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi dividentlər vəd edir. Azərbaycan üçün yeni bazar imkanlarının açılması, Avropanın enerji təhlükəsizliyində payının artması və iqtisadi inteqrasiyanın dərinləşməsi ölkə üçün ciddi strateji üstünlüklər yaradır.

Türkan İsgəndərli

tag: Akif Nəsirli,Ekspert,Azərbaycan,Ukrayna,Qaz,Todaypress.tv,

photo