Tramp xalqa müraciət etdi: Venesuela ABŞ-nin radarında...
Siyasət
18.12.2025 17:20
ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində deyilənlərin əksinə olaraq Venesuelaya qarşı müharibə elan etməyib və çıxışında Latın Amerikası ilə bağlı gərginliyə toxunmayıb. O, əsas diqqəti əvvəlki administrasiyanı tənqid etməyə və komandasının nəticələrini vurğulamağa yönəldib. Tramp miqrant axınının azalmasını, narkotik qaçaqmalçılığının 94 faiz enməsini qeyd edib və ABŞ-nin Venesuela nefti ilə bağlı “hüquqlarını bərpa etmək” niyyətində olduğunu bildirib.
Maraqlıdır, yaxın vaxtlarda ABŞ Venesuelaya müharibə elan edə bilərmi?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, ritorikanın yumşalması gizli razılaşma və ya siyasi məcburiyyətlə bağlı ola bilər:

"Venesuela ilə bağlı son dövrlərdə ABŞ Prezidentinin ritorikasında müəyyən yumşalma müşahidə olunur. Hətta Donald Tramp ilə Nikolas Maduro arasında baş tutan son telefon danışığından sonra Venesuela mövzusu sanki Tramp üçün əvvəlki aktuallığını itirib.
Bu vəziyyət bir neçə amillə bağlı ola bilər. Ehtimal etmək olar ki, tərəflər arasında müəyyən razılaşmalar əldə olunub. Tramp Venesuelanı tənqid edərkən əsasən narkotik ticarəti mövzusuna diqqət çəkirdi, lakin bir çox ekspertlər hesab edirdi ki, əsas məqsəd ölkənin neft və qaz ehtiyatları üzərində nəzarət əldə etməkdir. Mümkündür ki, bu istiqamətdə hansısa razılaşmalar baş verdiyi üçün ritorika yumşalıb. Digər tərəfdən, Konqres və Senatdakı mövqelər Trampı siyasətində müəyyən korrektələr etməyə vadar etmiş ola bilər".
Onun sözlərinə görə, Venesuela ABŞ üçün hələ də strateji mövzudur:
"Eyni zamanda, Venesuela məsələsinin tam gündəmdən çıxdığını demək də çətindir. ABŞ-nin hazırkı strateji prioritetlərində Latın Amerikası və bütövlükdə Amerika qitəsi ön plana çıxır. Bu, Vaşinqtonun Monro doktrinasına qayıdış cəhdi kimi də qiymətləndirilə bilər. Yəni qlobal miqyasda liderlik iddiasından daha çox, Amerika qitəsində təsirin gücləndirilməsinə üstünlük verilir. Bu baxımdan Venesuelanın gec-tez yenidən ABŞ-nin diqqət mərkəzinə düşəcəyi ehtimalı yüksəkdir".
Analitik həmçinin qeyd edib ki, digər amil Venesuelada Çin və Rusiyanın artan təsiridir. Son dövrlərdə Venesuelanın neft tankerlərinin hərbi gəmilərlə müşayiət olunması da göstərir ki, Karakas tək deyil. Bu vəziyyət Tramp administrasiyasını daha ehtiyatlı davranmağa məcbur edə bilər. Eyni zamanda, Rusiya və ya Çinlə Venesuela məsələsi ətrafında müəyyən məsləhətləşmələrin aparılması ehtimalı da istisna edilmir.
Əli Mustafa sonda əlavə edib ki, ABŞ Venesuelanı hələ də nəzarətdə saxlamaq niyyətindədir:

"Belarus lideri Aleksandr Lukaşenkonun Maduronu Belarusa dəvət etməsi də proseslərin təsadüfi olmadığını göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, Venesuela məsələsi ABŞ və Tramp administrasiyası üçün hələ də həssas mövzu olaraq qalır. Sadəcə olaraq hərbi müdaxilə ilə bağlı sərt ritorika müvəqqəti olaraq yumşaldılıb. Yaxın dövrdə isə Vaşinqtonun Venesuelanı ya razılaşma yolu ilə, ya da daha sərt qarşıdurma vasitəsilə yenidən öz nüfuz dairəsinə qaytarmağa çalışacağı aydınlaşacaq".
Jalə Rövşən
tag: Əli Mustafa,Politoloq,Tramp,Venesuela,Todaypress.tv,
