Rusiyaya açıq mesaj: ABŞ-dən Britaniyaya gələn nüvə silahı gedişatı necə dəyişəcək?

Siyasət

29.07.2025 16:36

“ABŞ-nin Böyük Britaniyaya nüvə silahı yerləşdirməsi Rusiyaya ünvanlanan açıq mesajdır”.

Politoloq Natiq Miri bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, bu hadisənin zamanlaması təsadüfi deyil və birbaşa ABŞ Prezidenti Donald Trampın Rusiya rəhbərliyinə qarşı inamsızlığının artdığı dövrə təsadüf edir.

“ABŞ-nin bu addımı Kremlin "Avroatlantik blok dağılır” düşüncəsinə verilmiş açıq cavabdır. Çünki Rusiya uzun müddətdir Qərbi, o cümlədən Ukraynanı nüvə silahı ilə təhdid edir. Buna qarşılıq olaraq ABŞ-nin liderliyində NATO-nun bütövlüyünü qorumağa və cavab tədbirləri görməyə hazır olduğunu nümayiş etdirir”.

Analitik əlavə edib ki, nüvə silahlarının Britaniyada yerləşdirilməsi eyni zamanda Avropada nüvə çətirinin bərpası məqsədi daşıyır və bu da Kremlin NATO-nu Tramp vasitəsilə zəiflətmək planlarının qarşısını almağa xidmət edir. Çünki Rusiya düşünürdü ki, Trampın qayıdışı ilə NATO parçalanacaq, Moskvanın "parçala və hökm et" strategiyası uğur qazanacaq. Lakin Böyük Britaniyada nüvə silahlarının yerləşdirilməsi göstərdi ki, NATO parçalanmaq əvəzinə, Rusiyaya qarşı birləşmiş şəkildə fəaliyyət göstərəcək.

Politoloqun qənaətincə, Rusiyanın bu addıma cavab potensialı isə məhduddur: 

“Kreml yalnız Ukrayna cəbhəsində eskalasiyanı artırmaq, dron və raket hücumlarını gücləndirməklə reaksiya verə bilər. Amma bu, Qərb üçün artıq adi hala çevrilib. Digər tərəfdən, Rusiyanın hərbi-iqtisadi potensialı da olduqca zəifləyib və ABŞ istəsə, əlavə sanksiyalarla Rusiyanı iqtisadi iflasa sürükləyə bilər”.

N.Miri silahlanma yarışının qlobal xarakter aldığını və bu prosesin əsas səbəbkarının da Rusiya olduğunu vurğulayıb. Belə ki, Ukraynadakı müharibə nəticəsində NATO-nun genişlənməsi sürətlənib. Xüsusən Skandinaviya ölkələrinin alyansa qoşulması, Avropanın hərbi sənaye komplekslərinə böyük investisiyalar yönəltməsi, silahlanmaya ayrılan vəsaitlərin artması – bütün bunlar Rusiyanın aqressiv davranışlarının nəticəsidir. Bu baxımdan yaranmış vəziyyətə görə məsuliyyət də məhz Kremlin üzərinə düşür. 

Qeyd edək ki, ABŞ 2008-ci ildən bəri ilk dəfə olaraq Böyük Britaniyaya nüvə silahı göndərib. Ağ Ev nüvə silahını transponderləri açıq olan təyyarə ilə çatdırıb.

Töhfə Səməd

tag: Natiq Miri,Politoloq,Rusiya,ABŞ,Britaniya,Todaypress.tv,

photo