Rəsmi İrəvandan manevr: 102-ci bazanın taleyi necə olacaq?
Siyasət
28.07.2025 14:48
“Rusiyapərəst qüvvələrin Ermənistanda fəallaşması, siyasi səhnədə daha aktiv şəkildə iştirak etməsi, Ermənistanın Baş naziri Nikol Paşinyanı narahat etməyə başlayıb. Buna görə də müəyyən addımların atılması gözləniləndir”.
Politoloq İlqar Vəlizadə bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistanın daxilində baş verən hadisələrlə Paşinyanın ötən həftə Moskvaya səfəri bir-biri ilə əlaqəli deyil.
“Həmin səfər əsasən iqtisadi məsələlərin tənzimlənməsinə həsr olunmuşdu. Bu çərçivədə çox güman ki, Zəngəzur dəhlizinin konsepsiyası və onunla bağlı texniki, iqtisadi məsələlər müzakirə olunub. Bu, rəsmi İrəvanın geoiqtisadi manevr imkanlarını qorumağa çalışdığını göstərir. Lakin paralel şəkildə Ermənistanda baş verən daxili siyasi proseslər, xüsusilə rusiyayönümlü qüvvələrin aktivləşməsi və ictimai-siyasi səhnəyə çıxmağa başlaması Paşinyanı ciddi narahat edir. Bu səbəbdən həmin qüvvələrə qarşı sərt reaksiya və informasiya məkanının Rusiya təsirindən “təmizlənməsi” təşəbbüsləri gözləniləndir”.
Analitikin fikrincə, erməni rəsmilərinin son bəyanatlarında Rusiyan KİV-lərinin Ermənistandakı təsirini azaltmaqla bağlı çağırışları da bu çərçivəyə daxildir. Onlar açıq şəkildə bildirirlər ki, Ermənistan artıq Moskvanın təsir dairəsindən çıxmalıdır və bu yöndə addımlar atılmalıdır. Bu yanaşma, öz növbəsində, Rusiya ilə münasibətlərdə strateji gərginliyin daha da artacağına işarə edir. 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinə gəldikdə isə, politoloq diqqətə çatdırıb ki, rəsmi səviyyədə bu barədə konkret tələb hələ səsləndirilməsə də, təhlükəsizlik baxımından müəyyən tədbirlərin görülməsi gözləniləndir.
“Paşinyan hökuməti öz silahlı qüvvələri və təhlükəsizlik xidmətləri vasitəsilə həmin ərazidə nəzarəti gücləndirə bilər”, - deyə o əlavə edib.
Sonda politoloq vurğulayıb ki, artıq Rusiya-Ermənistan münasibətlərinin əvvəlki səviyyəyə qayıtması mümkün görünmür. Buna görə də qarşılıqlı etimadsızlıq fonunda yeni toqquşmaların baş verməsi qaçınılmazdır.
Qeyd edək ki, Ermənistanın “Hraparak” nəşri Paşinyanın qərbpərəstlərə fəallaşmağı və sərt anti-Rusiya aksiyalarına başlamağı tapşırdığını yazıb. Nəşr bildirib ki, Paşinyanın qarşıdan gələn seçkilərdə əsas ümidi köməyi ilə hakimiyyəti əlində saxlaya biləcəyi avropayönlü ittifaqdır. Nəşrin yazdığı kimi, yaxın gələcəkdə Gümrüdə 102-ci hərbi bazanın Ermənistandan çıxarılması tələbi ilə keçirilən mitinq kimi aktiv anti-Rusiya aksiyaları gözlənilir.
Töhfə Səməd
tag: İlqar Vəlizadə,Politoloq,102-ci baza,Ermənistan,Todaypress.tv,
