Putindən Ermənistana SƏRT BİLDİRİŞ: “Sənin düşmənin mənim yanımdadır"

Siyasət

05.11.2025 14:12

Rusiya prezidenti Vladimir Putin “Rusiya və Yeni Naxçıvan yeparxiyası”nın rəhbəri, Erməni Apostol Kilsəsinin arxiyepiskopu Ezras Nersisyanı “Aleksandr Nevski” ordeni ilə təltif etməsi Ermənistan cəmiyyətində narazılıq yaradıb. Hadisənin, hökumətin Apostol Kilsəsinə qarşı apardığı əməliyyatlar fonunda siyasi mesaj kimi qəbul edildiyi bildirilir. Yerli media bunu Moskvanın İrəvana xəbərdarlığı kimi qiymətləndirir.

Maraqlıdır, bu addım mövcud Moskva-İrəvan münasibətlərinə necə təsir göstərə bilər? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan siyasi ekspert Abutalıb Səmədov bildirib ki, Putinin bu addımı İrəvana ciddi mesajdır:

"Rusiya prezidentinin bütün ermənilərin katolikosu İkinci Qareginin qardaşı Ezras Nersisyanı Xalq Birliyi Günündə, yəni Birlik Günündə, "Aleksandr Nevski" ordeni ilə təltif etməsi Paşinyan hakimiyyətinə açıq bir mesaj kimi qiymətləndirilməlidir. Yəni “Biz bir yerdəyik”. Söhbət ermənilərin katolikosundan gedir". 

Onun sözlərinə görə, rusiyayönümlü blokun formalaşması seçkilərdə Moskva xəttinin gücləndiyini göstərir: 

"Parlament seçkilərində bütün rusiyayönümlü qüvvələrin bir blok halında çıxış edəcəyi gözlənilir. Yəni “sənə qarşı birlikdəyik” mesajı verilir. Bununla da Kreml mövqeyini açıq şəkildə ortaya qoyur: biz də onların yanındayıq. Kilsə, bəzi sahibkarlar və hazırda yalnız Robert Köçəryan artıq rusiyayönümlü qüvvələrin bloku kimi birləşmək istəklərini bəyan ediblər.

Üstəlik, nəzərə almaq lazımdır ki, Paşinyan Ezras Nersisyanı açıq şəkildə Rusiya xüsusi xidmət orqanlarının agenti kimi qiymətləndirib (hətta “KQB agenti” ifadəsini işlədib) və onun anti-milli qüvvələri öz ətrafında topladığını bildirib".

Ekspert əlavə edib ki, Putinin jesti rusiyayönümlü blokun Paşinyanı zəiflətmək cəhdlərinə açıq dəstək kimi qiymətləndirilə bilər:

"Paşinyan bu anti-milli qüvvələrə qarşı açıq mübarizəyə başladığı bir vaxtda, Ezras Nersisyanın Rusiyanın milli birliyinin möhkəmlənməsində roluna və göstərdiyi xidmətlərə görə yüksək dövlət mükafatı ilə təltif olunması açıq mesaj verir: “Sənin düşmən hesab etdiyin qüvvələr mənimlə birlikdədir. Biz bir yerdəyik. Aydındır ki, bu qüvvələr parlament seçkilərində Paşinyanı məğlub etmək üçün əlindən gələni edəcək".

Abutalıb Səmədov son olaraq əlavə edib ki, artıq növbə Qərbindir:

"Reallığı və mövcud təhlükələri dərk edib Paşinyana dəstəyi artırmaq lazımdır. Parlament seçkilərində, nəyin bahasına olursa olsun, Paşinyan rusiyayönümlü qüvvələrə uduzmamalıdır".

Jalə Rövşən

tag: Rusiya ,Putin,Aleksandr Nevski,Abutalıb Səmədov,Moskva-İrəvan,Todaypress.tv,

photo