Prezident və birinci xanım Zəfər muzeyinin açılışında iştirak etdilər

Siyasət

08.11.2025 12:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışına qatılıblar.

TodayPress TV xəbər verir ki, dövlət başçısı Zəfər abidəsinin önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla anıb. Birinci xanım Mehriban Əliyeva da abidəyə gül dəstələri təqdim edib.

Daha sonra Prezident və birinci xanım Zəfər muzeyinin rəsmi açılışında iştirak ediblər. Muzey, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrında imzaladığı sərəncama uyğun olaraq yaradılıb. Məqsəd Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi böyük qəhrəmanlığı və qazanılan şanlı Zəfəri əks etdirmək, şəhidlərin xatirəsini əbədiləşdirməkdir.

Muzey beynəlxalq təcrübə nəzərə alınaraq müasir texnologiyalar əsasında hazırlanmış 8 ekspozisiya zalından ibarətdir. Zallarda Qarabağın tarixi irsi, Ermənistan–Azərbaycan münaqişəsinin mərhələləri, 44 günlük Vətən müharibəsi, Şuşanın azad olunması və digər mühüm hadisələr interaktiv formatda təqdim olunur. Foto və videomateriallar, maketlər, 3D nümayişlər, xəritələr və süni intellektlə hazırlanmış vizuallar qonaqlara hadisələri daha dərindən hiss etməyə imkan yaradır.

Muzeyin girişində “Dəmir yumruq” instalyasiyası və Ali Baş Komandan İlham Əliyevin çıxışından fikirlər yer alıb. Binanın xarici divarında 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların adları həkk edilib, divar boyunca axan su isə onların əbədi xatirəsini simvolizə edir.

“Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi” zalında Qarabağın təbiəti, tarixi və mədəni irsi təqdim olunur. Növbəti zallar münaqişənin tarixinə, Vətən müharibəsinin gedişinə və Şuşa əməliyyatına həsr olunub. “Qəhrəmanlar yolu” zalında müharibə iştirakçılarının qəhrəmanlıqları, onlara təqdim olunan orden və medallar nümayiş etdirilir.

“Qarabağ Azərbaycandır!” zalı Zəfər gününün simvolikasını əks etdirir. Zalda Murano şüşəsindən hazırlanmış Xarıbülbül instalyasiyası diqqət çəkir. Bundan başqa, “Dövlət suverenliyinin bərpası. 20.09.2023” zalında Qarabağ və Şərqi Zəngəzurun tam azad edilməsi barədə məlumatlar təqdim olunur.

Son zal – “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş” bölgənin bərpası və inkişafına həsr edilib. Burada bərpa layihələrini, ekoturizmi və infrastrukturu əks etdirən instalyasiyalar, maketlər və interaktiv ekranlar yer alır.

Ekspozisiya çıxışında yerləşən “Danışan fotolar” bölməsi isə Zəfər ruhunu və müharibənin xilaskar qəhrəmanlarının hekayələrini əks etdirir. Muzeydə ayrıca auditorium, kitabxana və kafe fəaliyyət göstərəcək. Gələcəkdə şəhidlər və Vətən müharibəsi qəhrəmanları barədə materialların, sənədli filmlərin də muzey bazasına əlavə edilməsi nəzərdə tutulur.

Zəfər muzeyi, eləcə də onu əhatə edən Zəfər parkı və parkın girişindəki Zəfər tağı 44 günlük Vətən müharibəsini, qazanılan tarixi Qələbəni və şəhidlərin xatirəsini yaşadan mühüm məkanlar kimi formalaşır.

Muzey noyabrın 9-dan etibarən ziyarətçilər üçün açıq olacaq.

TodayPress TV 

tag: Zəfər muzeyi ,Zəfər abidəsi,Prezident İlham Əliyev ,Birinci xanım Mehriban Əliyeva ,Todaypress.tv,