Mövqe dəyişir: Fransa Yaxın Şərqdə yeni forpost axtarışında!
Siyasət
28.07.2025 16:16
“Fransa Prezidenti Emmanuel Makron ölkəsinin zəifləyən nüfuzunu bərpa etməyə çalışır, buna görə də Suriyanın devrilmiş lideri Bəşər Əsədlə müəyyən siyasi bazarlığa gedə bilər”.
Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, Fransanın Əsədə qarşı çıxarılmış həbs orderini ləğv etməsi təsadüfi deyil. Bu, həm Rusiya, həm də Suriya ilə bağlı dərin geosiyasi maraqlardan qaynaqlanır.
“Görünür, Əsədlə bağlı Moskva və Parisin iştirakı ilə müəyyən koordinasiyalı planlar qurulur. Əsədin Rusiyada siyasi sığınacaq alması da bu kontekstdə təsadüfi sayıla bilməz. Fransa gələcək mərhələdə Əsədlə siyasi bazarlığa gedə bilər”.
Analitikin fikrincə, Fransa hazırda həm Afrikada, həm də Cənubi Qafqazda mövqelərini itirməkdədir. Bu zəifləmə fonunda Makron administrasiyası özünü beynəlxalq siyasi gündəmdə daha aktiv göstərməyə çalışır.
“Fransa Ermənistan üzərindən Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək istəsə də, Ermənistanla Türkiyə və Azərbaycan arasında gedən normallaşma danışıqları bu niyyəti nəticəsiz qoyur. Əgər rəsmi Paris İrəvanı manipulyasiya vasitəsi kimi istifadə etməyə davam edərsə, bu, Ermənistanın region ölkələri ilə münasibətlərini tamamilə pozacaq. Fransa da bunun fərqindədir. Ona görə də özünə yeni forpost axtarır”, - deyə o bildirib.
M.Əsədullazadə eyni zamanda Fransanın Fələstini tanımaq niyyətini də Makronun siyasi manevri kimi qiymətləndirsə də, bu qərarın real müsbət nəticələr verməyəcəyini açıqlayıb. Onun qənaətincə, rəsmi Paris sadəcə geopolitik proseslərdəki zəifləyən təsirini bu kimi addımlarla bərpa etməyə çalışır.
Qeyd edək ki, Fransanın Kassasiya Məhkəməsi Suriya Ərəb Respublikasının sabiq prezidenti Bəşər Əsəd barəsində çıxarılmış həbs orderini etibarsız hesab edib.
Töhfə Səməd
tag: Məhəmməd Əsədullzadə,Politoloq,Fransa,Yaxın Şərq,Todaypress.tv,
