Kuala-Lumpurda Zəfər və Bayraq Günü qeyd olundu

Siyasət

08.11.2025 10:15

Malayziyanın paytaxtı Kuala-Lumpurda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin təşkil etdiyi mərasimdə yerli dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, aparıcı universitet və elmi-tədqiqat müəssisələrinin təmsilçiləri, işgüzar və ictimai təşkilatların nümayəndələri, diplomatlar, eləcə də Malayziyada yaşayan Azərbaycan, Türkiyə və Pakistan icmalarının üzvləri iştirak ediblər.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Səfir İrfan Davudov çıxışında Prezident İlham Əliyevin siyasi və hərbi rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən danışıb. O qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn tələblərini təkbaşına yerinə yetirərək torpaqlarını işğaldan azad edib və bu tarixi qələbə xalqımızın milli birliyinin, azadlıq və ədalət uğrunda mübarizəsinin təcəssümüdür.

Səfir bildirib ki, Zəfər Günü müasir Azərbaycan tarixində önəmli mərhələ olmaqla, regionda sülh, sabitlik və inkişaf üçün yeni imkanlar açıb. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində irəliləyiş əldə olunduğunu vurğulayan diplomat, Vaşinqtonda razılaşdırılmış mövqelərin sülh prosesinin həlledici mərhələsi olduğunu qeyd edib.

Tədbirdə həmçinin Dövlət Bayrağı Gününün tarixi haqqında məlumat verilib. Qeyd olunub ki, üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilib. Bayrağın yenidən dövlət atributu kimi təsdiqlənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 2009-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Çıxışlardan sonra Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş, həmçinin Şuşada keçirilən ənənəvi musiqi festivalını əks etdirən videoçarxlar nümayiş olunub. Tədbir Azərbaycan musiqi məktəbinin yetirməsi və Malayziyadakı Azərbaycan icmasının fəal üzvü Gülçöhrə Raonun ifaları ilə davam edib. Qonaqlar Qarabağ zəfərini və bölgədə aparılan bərpa-quruculuq işlərini əks etdirən fotosərgiyə baxıblar.

TodayPress TV

tag: Kuala-Lampur,Zəfər Günü ,Bayraq Günü ,Malayziya,