“İran bu siyasətini inkişaf etdirərsə, bütün region üçün faydalı olacaq” – RƏY

Siyasət

30.07.2025 17:50

“Pezeşkianın Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi möhkəm siyasi iradəyə söykənir”. 

Politoloq İlyas Hüseynov bunu Məsud Pezeşkianın “Azərbaycan, Ermənistan və Türkiyə İran üçün qarşılıqlı əməkdaşlıq baxımından əhəmiyyətli potensiala malik ölkələrdir və bu ölkələrlə birgə maraqların təmin edilməsi üçün əməkdaşlıq aktivləşdirilməlidir” bəyanatını TodayPress TV-yə şərh edərkən bildirib.

O vurğulayıb ki, İran İslam Respublikasında Məsud Pezeşkianın prezident seçilməsindən sonra Azərbaycanla İran arasındakı münasibətlərdə yüksəliş hiss olunur.

“Pezeşkianın İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində keçirilən sammitində iştirakı, o cümlədən Azərbaycana səfəri Bakı ilə Tehran arasında olan münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanmasına səbəb olub”.

Analitik bildirib ki, İran mürəkkəb idarəetmə sisteminə malik bir dövlətdir. Burada dini hakimiyyət dövlət idarəçiliyinə ciddi təsir göstərir. Prezident institutu isə bu sistem daxilində nisbətən zəif mövqeyə sahibdir. Lakin Pezeşkian Türkiyə və Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu sübuta yetirir ki, bu da çox önəmli amildir.

“İran və İsrail arasında baş verən müharibə fonunda Azərbaycanın ləyaqətli və mehriban qonşuluq siyasətinə əsaslanan mövqeyi İran tərəfindən yüksək qiymətləndirilib. İranın yeni dövrdə Azərbaycan, Ermənistan və Türkiyə ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olması və bu əməkdaşlıq potensialını yüksək qiymətləndirməsi, gələcək münasibətlərin istiqamətlərini göstərir”.

Politoloqun fikrincə, İran bu siyasəti daha da inkişaf etdirərsə, bu, bütün region üçün faydalı olacaq.

Aysel Mətləb

tag: İlyas Hüseynov,Politoloq,İran,Azərbaycan,Todaypress.tv,

photo