İran–ABŞ yaxınlaşması: "Pezeşkian siyasi xətti İranı xilas edəcək"
Siyasət
07.11.2025 17:24
ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran Vaşinqtondan İrana qarşı sanksiyaların ləğvini istəyir. O, Ağ Evdə beş Orta Asiya ölkəsinin liderləri ilə görüşdən sonra ABŞ-nin İran tərəfini dinləməyə hazır olduğunu deyib. Tramp qeyd edib ki, sərt sanksiyalar İranın istədiyi addımları atmasını çətinləşdirir və ABŞ mümkün danışıqlara açıqdır.
Maraqlıdır, İranın ABŞ ilə sanksiyaların ləğvi mövzusunda dialoqa can atması regionda, xüsusilə Qəzza və Fars körfəzi fonunda hansı yeni diplomatik dinamikanı yarada bilər?
Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, ABŞ İranla gərginliyi dialoqla həll etməyə çalışır, çünki birbaşa qarşıdurma onun maraqlarına uyğun deyil:

"Əslində, Birləşmiş Ştatlar İranla bağlı məsələnin dialoq yolu ilə həll edilməsinin tərəfdarıdır. Buna görə Vaşinqton Tehranla diplomatik kanalları açıq saxlamağa çalışır. Bunun əsas səbəbi ondan ibarətdir ki, ABŞ-nin İranla birbaşa münaqişəyə girməsi Vaşinqtonun maraqlarına uyğun deyil. Belə vəziyyətdə Trampın reytinqi sürətlə aşağı düşə, eyni zamanda neftin qiyməti kəskin arta bilər ki, bu da ABŞ iqtisadiyyatı üçün mənfi təsir yaradar".
Onun qənaətincə, lobbi təzyiq etsə də, ABŞ İranla birbaşa qarşıdurmadan yayınır:
"Təbii ki, Birləşmiş Ştatlarda İsrail lobbisi çox güclüdür və hökumətə təzyiq imkanları mövcuddur. İsrail də çalışır ki, ABŞ-ni İranla birbaşa qarşıdurmaya cəlb etsin. Lakin bu fəaliyyət Vaşinqtonun maraqlarına ziddir. Buna görə də Tramp İsrailin təzyiqlərini neytrallaşdırmağa və İranla problemi diplomatik müstəvidə çözməyə çalışır".
Politoloq qeyd edib ki, Pezeşkianın siyasəti İran-ABŞ münasibətlərini yaxşılaşdıra bilər:
"Bu baxımdan, İran-ABŞ münasibətlərinin inkişaf etdirilməsi və sanksiyaların ləğvi istiqamətində perspektivlər mövcuddur. Xüsusilə Məsud Pezeşkianın hakimiyyətə gəlişindən sonra həm qonşu ölkələrlə, həm də Qərblə münasibətləri normallaşdırmağa çalışması və ənənəvi siyasətdən fərqli yanaşma nümayiş etdirməsi ABŞ-İran münasibətlərində yeni səhifə aça bilər".
Ə.Zülfüqaroğlu Yaxın Şərqdə balansın dəyişəcəyini də vurğulayıb:
"Bu da Yaxın Şərqdə ümumi mənzərənin dəyişməsinə gətirib çıxara bilər. Çünki Suriyada vəziyyətin normallaşdırılması istiqamətində ABŞ Türkiyə ilə koordinasiyalı siyasət yürüdür və bu prosesdə əsas tərəfdaş məhz Türkiyədir. İsrail isə bu durumdan narahatdır və çalışır ki, Ankara prosesdə aktiv rol almasın. Qətərdə hücumdan sonra ABŞ-İsrail münasibətləri, xüsusilə Tramp ilə Netanyahu arasında ziddiyyətlər daha da dərinləşib. Nəticədə İsrailin bölgədə xarici siyasət manevr imkanları daralır".
Ekspert hesab edir ki, İsrail təzyiq etsə də, ABŞ diplomatik həlli üstün tutur:
"Hazırda İsrail üçün əsas bəhanə İranın nüvə təhdidi məsələsidir. İsrail rəhbərliyi İranla bağlı hücumların prioritet olmasını vacib hesab edir və ABŞ hökuməti üzərinə bu istiqamətdə ciddi təzyiqlər göstərir. Lakin Tramp məsələnin diplomatik həllini üstün tutur. Əgər İranın neft satışına qoyulan sanksiyalar götürülsə, qlobal bazarda neft qiymətləri aşağı düşə bilər ki, bu da ABŞ üçün sərfəlidir".
Əli Zülfüqaroğlu son olaraq əlavə edib ki, bütün bu faktorları nəzərə aldıqda, İran-ABŞ münasibətlərində diplomatik müstəvidə müsbət dinamikanın yaranması mümkündür. Bu isə qeyd olunan səbəblərə görə Yaxın Şərqdə bir çox problemlərin həlli istiqamətində müsbət tendensiyalara yol aça bilər.
Jalə Rövşən
tag: İran,ABŞ,İsrail,Yaxın Şərq,Todaypress.tv,
