FƏLAKƏT QAPIDADIR: Metsamor AES bağlanmasa…
Siyasət
29.07.2025 16:27
“Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası (AES) həm ətraf mühit, həm də yerləşdiyi region ölkələri üçün ciddi təhlükə mənbəyi olaraq qalır”.
Bunu hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, ümumilikdə atom elektrik stansiyalarının daşıdığı risklər dünya miqyasında artıq iki dəfə, Çernobıl və Fukusima nümunələrində özünü göstərib. Lakin Metsamor AES-in yaratdığı risklər daha genişmiqyaslıdır. Səbəb isə stansiyanın texniki baxımdan köhnəlməsi və modernləşdirilmə potensialının tükənməsidir.
“Stansiya təxminən 50 ildən artıqdır ki, istismardadır. 1988-ci ildə baş verən zəlzələdən sonra ciddi zədələr alıb və fəaliyyəti dayandırılmışdı. Lakin Ermənistan 1995-ci ildə onu yenidən işə salmaqla bütün region üçün təhlükəni artırdı”.
O əlavə edib ki, bu stansiya hazırda Azərbaycan, Türkiyə və İran üçün real təhlükə mənbəyidir. Hər hansı texnogen qəza baş verərsə, bu, yalnız Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün ağır nəticələrə səbəb ola bilər.
Ədalət Verdiyev vurğulayıb ki, Metsamor AES-in bağlanması üçün aidiyyəti dövlət qurumları beynəlxalq təşkilatlar qarşısında məsələni ardıcıl şəkildə qaldırmalı, potensial fəlakətin miqyası ilə bağlı dünya ictimaiyyətini mütəmadi olaraq məlumatlandırmalıdır.
Qeyd edək ki, mütəxəssislərin fikrincə, Metsamor Atom Elektrik Stansiyası (AES) ciddi təhlükə yaradır. Zəlzələ zonasında yerləşən zavod “saatlı bomba” və “növbəti Çernobıl” kimi təsvir edilir.
Türkan İsgəndərli
tag: Ədalət Verdiyev,Ekspert,Ermənistan,Metsamor,Todaypress.tv,
