Ceyhun Bayramov: “Türkiyənin Azərbaycana dəstəyi unikal və bənzərsizdir”

Siyasət

26.12.2025 16:09

“Türkiyə Azərbaycan üçün qardaş dövlətdir və iki ölkə müttəfiq münasibətlərə malikdir. Bu əlaqələr tarixi bağlara, qardaşlıq və dostluq prinsiplərinə, eləcə də iki ölkə lideri arasında mövcud olan səmimi münasibətlərə əsaslanır. Bu baxımdan Azərbaycan–Türkiyə münasibətləri bənzəri olmayan strateji tərəfdaşlıq nümunəsidir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, Türkiyənin xüsusilə Azərbaycan üçün həssas olan Azərbaycan–Ermənistan münasibətləri kontekstində ölkəmizə göstərdiyi dəstək unikal xarakter daşıyır. Onun sözlərinə görə, bu səviyyədə və bu formada dəstəyi indiyədək heç bir başqa dövlət göstərməyib.

Ceyhun Bayramov qeyd edib ki, son beş il ərzində bu dəstək eyni məzmun və ardıcıllıqla davam edir. Koordinasiyalı fəaliyyət iki ölkə arasında yüksək səviyyədə qurulub və bu yanaşma real, müsbət nəticələr verib və verməkdədir.

Nazir əlavə edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan da açıq şəkildə bəyan edib ki, Ankaranın Ermənistanla münasibətləri Azərbaycanın Ermənistanla münasibətlərindən birbaşa asılıdır. Bu mövqe Türkiyənin Azərbaycana verdiyi strateji dəstəyin növbəti bariz göstəricisidir.

Qiymət Mahir

TodayPress TV

tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,