Ceyhun Bayramov: “Rusiya İstintaq Komitəsinin məktubu bizi təəccübləndirdi”

Siyasət

26.12.2025 17:01

“AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması faciəsindən bir il ötüb. 9 oktyabr tarixində Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə Rusiya lideri təyyarənin vurulmasının Rusiya hava hücumundan müdafiə qüvvələrinin səhvi olduğunu etiraf edib. Görüşdə üzrxahlıq, kompensasiya və digər məsələlər də müzakirə olunub”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, yaxın günlərdə Rusiya İstintaq Komitəsinin rəhbəri tərəfindən imzalanmış məktub Azərbaycan tərəfinə təqdim olunub. Həmin məktubda yer alan bəzi məqamlar Azərbaycan tərəfi tərəfindən təəccüblə qarşılanıb. Xüsusilə, hadisə ilə bağlı cinayət işinə xitam verilməsi barədə məlumat ciddi suallar doğurur.

Ceyhun Bayramov qeyd edib ki, sözügedən məktuba Azərbaycan tərəfindən müvafiq qurumlar səviyyəsində cavab verilib və bu cavabın məsələyə aydınlıq gətirəcəyinə ümid edilir.

Nazir vurğulayıb ki, Azərbaycanın əsas gözləntisi hadisənin araşdırılmasının tezliklə başa çatdırılması, hüquqi qiymətləndirmənin verilməsi və zərərçəkənlərə kompensasiyaların ödənilməsidir.

Qiymət Mahir

TodayPress TV

tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,