Ceyhun Bayramov: “Prezidentin çoxsaylı xarici səfərləri beynəlxalq əlaqələrin genişlənməsinə xidmət edir”
Siyasət
26.12.2025 15:22
“İl ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçə, Albaniyaya, Macarıstana, Danimarkaya və Belçikaya rəsmi səfərləri həyata keçirilib. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca səfəri xüsusi önəm kəsb edir”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, paralel olaraq Albaniya, İtaliya, Almaniya və Şimali Makedoniyadan dövlət və hökumət başçılarının Azərbaycana səfərləri baş tutub. Onun sözlərinə görə, Asiya və Şərq ölkələri ilə münasibətlərin inkişafı istiqamətində də ardıcıl və məqsədyönlü fəaliyyət davam etdirilir.
Ceyhun Bayramov qeyd edib ki, Çin və Vyetnamla münasibətlər yeni səviyyəyə yüksəlib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Çinə dörd səfər edib və Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyanat qəbul olunub.
Nazir əlavə edib ki, may ayında Azərbaycan Prezidenti ilə Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi arasında keçirilən görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyanat imzalanıb. O, Pakistanla münasibətlərin də xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, bu ölkənin Azərbaycanın mühüm və etibarlı tərəfdaşlarından biri olduğunu bildirib.
Qiymət Mahir
tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,
