Ceyhun Bayramov: “Ermənistanın destruktiv yanaşmalarının aradan qaldırılması sülh prosesinin əsas şərtidir”

Siyasət

26.12.2025 15:33

“ABŞ-də paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyasının təmin edilməsi üçün Ermənistanın hələ də Azərbaycana qarşı mövcud olan ərazi iddialarından və destruktiv siyasətindən tam imtina etməsi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda regional layihələrin, o cümlədən nəqliyyat-kommunikasiya təşəbbüslərinin maneəsiz reallaşmasına şərait yaradılmalıdır”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, bununla yanaşı, iki dövlət arasında müxtəlif formatlarda dialoqun təşkili və etimad quruculuğu istiqamətində səylər davam etdirilir. Onun sözlərinə görə, Ermənistanla tranzit əlaqələrinə dair mövcud maneələrin aradan qaldırılması, Azərbaycanın ərazisindən keçməklə yükdaşımaların təmin olunması və qarşılıqlı etimad tədbirlərinin həyata keçirilməsi müzakirə mövzularındandır.

Ceyhun Bayramov qeyd edib ki, həmçinin Azərbaycan və Ermənistanın beyin mərkəzləri və ekspertləri arasında görüşlər təşkil olunur, fikir mübadiləsi aparılır. Dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının işi də davam etdirilir.

Nazir əlavə edib ki, bu çərçivədə sərhədlə bağlı görüşlər müxtəlif yerlərdə keçirilib və noyabrın 28-də ilk dəfə olaraq Azərbaycan ərazisində — Qəbələ şəhərində təşkil olunub. Bu addım prosesin irəliləməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qiymət Mahir

TodayPress TV

tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,