Ceyhun Bayramov: “Azərbaycan–Suriya münasibətləri qısa müddətdə yeni mərhələyə yüksəlib”

Siyasət

26.12.2025 15:46

“Dünyada baş verən proseslər yeni çağırışlar və eyni zamanda yeni imkanlar yaradır. Dövlətlər bu reallıqlara uyğunlaşaraq adekvat addımlar atırlar. Son bir ildə Suriyada baş verən hadisələr fonunda Azərbaycan–Suriya münasibətlərinin qısa müddətdə ciddi şəkildə dəyişdiyi müşahidə olunur”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin sualını cavablandırarkən deyib. 

Nazir bildirib ki, Azərbaycan ilk gündən Suriya ilə münasibətlərin inkişafını dəstəkləyib və bu proses hər iki ölkə üçün mühüm inkişaf mərhələsi olub. Onun sözlərinə görə, Bəşər Əsədin hakimiyyəti dövründə iki ölkə arasında faktiki olaraq münasibətlər mövcud olmayıb, çünki həmin dövrdə Azərbaycana qarşı qərəzli addımlar atılıb.

Ceyhun Bayramov qeyd edib ki, yeni mərhələdə Azərbaycan Suriyaya humanitar missiya göndərib, humanitar yardım göstərib, eyni zamanda ölkəmizin Suriyadakı səfirliyinin fəaliyyəti bərpa olunub.

Nazir əlavə edib ki, avqust ayından etibarən Azərbaycan Suriyaya qaz ixracına başlayıb. Bununla da Suriya Azərbaycanın boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi 14-cü ölkə olub.

Qiymət Mahir

TodayPress TV

tag: Ceyhun Bayramov,XİN,Yekun,Konfrans,Todaypress.tv,