Ankaranın nüvə xəbərdarlığı: Bakı üçün nə dəyişə bilər?
Siyasət
10.02.2026 17:47
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, bölgədə kimsə nüvə silahı əldə edərsə, Türkiyə də nüvə silahlanması yarışına qoşulmaq məcburiyyətində qalacaq.
Əgər Türkiyə həqiqətən nüvə silahlanması yarışına qoşularsa, bu proses Azərbaycana necə təsir edə bilər?
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov TodayPress TV-yə danışarkən vurğulayıb ki, Türkiyənin nüvə silahına sahib olması Azərbaycanın təhlükəsizliyinə müəyyən əlavə təminatlar versə də, bu üstünlüklər həlledici xarakter daşımır.
Analitik qeyd edib ki, hazırda bölgədə nüvə silahı istehsalına ən yaxın ölkə İrandır. Onun sözlərinə görə, İran artıq 400 kiloqramdan çox, 60% zənginləşdirilmiş uran ehtiyatına malikdir və nüvə silahı istehsalı üçün tələb olunan 90%-lik zənginləşməyə çatması təxminən iki ay çəkə bilər.
“Əgər İran nüvə silahı əldə edərsə, bu, regionda zəncirvari reaksiyaya səbəb ola bilər. Bu halda Türkiyənin də nüvə silahı istiqamətində işlərə başlaması ehtimalı yüksəlir və qısa müddətdə nüvə silahına malik olan ölkələrdən biri də Türkiyə ola bilər”, - deyə siyasi şərhçi izah edib.

Politoloqun fikrincə, Türkiyənin nüvə silahına sahib olması Azərbaycanın təhlükəsizliyinə müəyyən əlavə təminatlar versə də, bu üstünlüklər həlledici xarakter daşımır:
“Mən güman etmirəm ki, bu, Azərbaycana çox böyük üstünlüklər verir. Çünki nüvə silahı artıq əvvəlki kimi güclü təhdid potensialına malik deyil. Əvvəllər nüvə silahının təsiri daha yüksək qiymətləndirilirdi. Ukrayna müharibəsi ərəfəsində və ya Pakistan-Hindistan qarşıdurması zamanı bu amilin rolu indikindən daha güclü idi”.
Siyasi analitik xatırladıb ki, hazırda əsas məhdudlaşdırıcı güc dövlətlərin konvensional hərbi potensialıdır. Onun sözlərinə görə, bu gün həlledici amillər hərbçilərin sayı, konvensional silahların səviyyəsi və ümumi hərbi gücdür və Türkiyə bu baxımdan dünyanın ən güclü dövlətlərindən biridir.

A. Səmədov bildirib ki, Azərbaycanın Türkiyə kimi güclü müttəfiqə malik olması ölkənin müstəqilliyi və suverenliyinin qorunması baxımından böyük əhəmiyyət daşıyır:
“Nüvə silahının mövcudluğu bu təminatları müəyyən qədər artıra bilər, lakin bu gün əsas söz konvensional silahlara məxsusdur və həm Türkiyə, həm də Azərbaycan ordusunun bu sahədə potensialı çox yüksəkdir”.
Aysel Mətləb
tag: Abutalıb Səmədov,Türkiyə,Hakan Fidan,Nüvə,İran,Bakı,Todaypress.tv,
