Ankarada Zəfər Günü münasibətilə tədbir keçirildi
Siyasət
08.11.2025 16:28
8 Noyabr – Zəfər Günü münasibətilə BUTA Gənclərin Həmrəyliyi Dərnəyinin və Azərbaycanlı Tələbələr Birliyinin təşkilatçılığı, Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin ev sahibliyi ilə Ankara şəhərində tədbir keçirilib.
TodayPress TV xəbər verir ki, tədbirdə Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin Ankara Ofisinin rəhbəri Məhəmməd Ağar, BUTA Dərnəyinin sədri Tural Qafarlı, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, sabiq hərbi attaşe, general-mayor Yücel Karauz, Azərbaycanlı Tələbələr Birliyinin sədri Elçin Cəfərli və Türkiyənin müxtəlif universitetlərində təhsil alan çoxsaylı tələbələr iştirak ediblər.
Tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Daha sonra şəhidlərimizin ruhuna dualar oxunub.
Tədbirdə çıxış edənlər Zəfərin bütün Türk dünyası üçün vacibliyinə diqqət çəkiblər. Onlar ölkəmizi Zəfərə aparan yolun Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən işlərlə başlandığını, Prezident İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti, qəhrəman Ordumuzun şücaəti nəticəsində Qələbəyə nail olunduğunu vurğulayıblar.
Daha sonra Zəfər Gününə dair videoçarx nümayiş olunub.
Tədbirin bədii hissəsində “Zəngəzur” rəqs qrupu milli rəqslərimizi təqdim edib, azərbaycanlı tələbələr tərəfindən vətənpərvərlik mövzusunda mahnılar ifa olunub.
Tədbir “Qarabağ Azərbaycandır!” şüarı ilə yekunlaşıb.
tag: 8 Noyabr – Zəfər Günü,Türkiyə,Ankara,Məhəmməd Ağar,Todaypress.tv,
