Çin şirkəti Azərbaycanda müasir modullar tədarük edəcək
Sənaye və energetika
17.07.2025 17:34
Çinin “JA Solar” şirkəti Azərbaycanda iki günəş elektrik stansiyası (GES) üçün 1 GVt gücündə yüksək səmərəli "DeepBlue 4.0 Pro" fotoelektrik modullarının təchizatı haqqında saziş imzalayıb.
TodayPress TV bu barədə şirkətin məlumatına istinadən xəbər verir.
Söhbət Neftçala və Biləsuvardakı yeni elektrik stansiyalarından gedir. Bu layihələr Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən həyata keçirilir.
"Bu əlamətdar layihəyə töhfə verdiyimiz üçün qürur duyuruq. “Masdar” çoxdankı etibarlı tərəfdaşımızdır və biz onun məhsullarımıza və təcrübəmizə olan inamını yüksək qiymətləndiririk. Biz birlikdə daha "yaşıl" gələcək üçün davamlı həllər təqdim etməyə çalışırıq", - məlumatda icraçı prezident Aytsin Yanın sözləri sitat gətirilir.
“JA Solar” şirkəti qeyd edir ki, yeni GES-lər Azərbaycanın enerji balansının şaxələndirilməsi və bərpa olunan enerji mənbələrinə sürətli keçid strategiyasının həyata keçirilməsində mühüm mərhələ olacaq.
Qeyd edək ki, 445 MVt gücündə “Biləsuvar” günəş elektrik stansiyasının və 315 MVt gücündə “Neftçala” elektrik stansiyasının işə salınması gələn ilə nəzərdə tutulub. 2024-cü ilin iyun ayında “Masdar” və SOCAR Azərbaycanda ümumi gücü 1 GVt olan günəş və külək enerjisi üzrə üç iri layihənin gerçəkləşdirilməsinə start veriblər.
Söhbət üç layihədən gedir: Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyası, Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyası və Abşeron-Qaradağ regionunda 240 MVt gücündə yerüstü külək elektrik stansiyası. Bu layihələr üzrə investisiya sazişləri 2023-cü ilin oktyabr ayında əldə olunub, bundan sonra elektrik enerjisinin alqı-satqısı, şəbəkəyə qoşulma və torpaq icarəsi ilə bağlı sazişlər imzalanıb.
tag: Çin,Azərbaycan,Modul,İstehsal,Todaypress.tv,