BP Azərbaycanda iki yeni layihə üzrə müqavilələr imzaladı

Sənaye və energetika

16.07.2025 09:38

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ şirkəti KBR-in birgə müəssisəsi olan SOCAR-KBR MMC Böyük Britaniya şirkəti BP ilə Azərbaycanda iki yeni layihə üzrə iki müqavilə imzalayıb.

TodayPress TV bu barədə KBR-in məlumatına istinadən xəbər verir.

“Müqavilələrdən biri “Səngəçal” terminalının elektrikləşdirilməsi (STEL) layihəsinin dəstəklənməsini, digəri isə “Shah Deniz Compression” platforması layihəsini nəzərdə tutur. Müqavilələrin şərtlərinə əsasən, SOCAR-KBR hər iki layihə üçün ətraflı mühəndis layihələndirməsi və satınalma xidmətləri təqdim edəcək”, - məlumatda deyilir.

Müqavilələrin dəyəri açıqlanmır. Onların həyata keçirilməsi ilə SOCAR-KBR məşğul olacaq, yerli mütəxəssislərin təcrübəsindən və KBR-in beynəlxalq komandasının dəstəyindən istifadə edəcək.

“Əvvəllər SOCAR-KBR STEL layihəsi üçün baza mühəndisliyi (FEED), həmçinin SDC layihəsi üçün layihə öncəsi işləri və FEED həyata keçirib. Bu əlavə işlər BP-nin SOCAR-KBR-in yüksək keyfiyyətli xidmətlərinə dəyişməz inamını əks etdirir”, - məlumatda qeyd olunub.

“KBR-nin layihələndirdiyi, Azərbaycan ilə Avropa arasında mühüm əlaqə həlqəsi - “Səngəçal” terminalı ölkəyə milli enerji şəbəkəsinə keçid etməyə və emissiyaları azaltmağa imkan verəcək. “Şahdəniz” yatağında kompressor stansiyası layihəsi təhlükəsiz və səmərəli həllərin təqdim edilməsində növbəti mərhələni təmsil edir”, - “KBR Sustainable Technology Solutions”ın prezidenti Cey İbrahim bildirib.

SOCAR-KBR-in Bakıdakı komandasının 95%-dən çoxunu azərbaycanlı mühəndislər, layihəçilər və digər mütəxəssislər təşkil edir.

tag: BP,Azərbaycan,Müqavilə,İmza,Todaypress.tv,