"Abşeron" yatağından hasil olunan qazın həcmi açıqlandı

Sənaye və energetika

05.06.2025 13:14

Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağı istismara veriləndən 2,6 mlrd. kubmetr qaz hasil olunub (1 aprel 2025-cü il tarixinə olan məlumata görə - red.).

TodayPress TV SOCAR-ın məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə yataqdan 1,01 mln. ton qaz kondensatı hasil olunub.

Qeyd edək ki, 2009-cu ildə SOCAR-la Fransanın “TotalEnergies” şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş imzalandı. 04 avqust 2023-cü il tarixində “Abşeron” layihəsinə daha bir səhmdar – Abu Dabi Milli Neft Şirkəti (ADNOC) daxil oldu və beləliklə, SOCAR və “TotalEnergies” şirkətləri hərəsi 35%, ADNOC isə 30% səhmə malik olmaqla səhmdarların yeni pay bölgüsü formalaşdı.

Saziş sahəsi 747 km² olan yatağın işlənilməsini layihənin birgə operatoru olan "JOCAP" şirkəti həyata keçirir.

14 yanvar 2011-ci il tarixində Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə qazma prosesi başlanılıb və 09.09.2011-ci il tarixində "Abşeron" yatağının kəşf edildiyi bəyan edilib. 2019-cu ildə yataqda 7.411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işləri başa çatdırılılb.

2020-ci ilin sentyabr ayında SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi keçirilib. 03 iyul 2023-cü il tarixində "Abşeron" qaz-kondensat yatağından gündəlik 4.2 mln. kubmetrqaz və 1 200 ton kondensat hasilatı ilə istismara başlanılıb.

tag: Qaz,Yanacaq,Azərbaycan,Hasilat,Todaypress.tv,