Saçı tökülən kişilərin diqqətinə
Sağlamlıq
17.06.2025 18:50
Baş nahiyəsində saçları seyrəkləşən və ya “sıfıra vurulmuş” kişilər yay aylarında dəri xərçəngi riskini artırır. Bunun əsas səbəbi kimi günəşdən qoruyucu kremdən və baş geyimlərindən istifadə etməmələri göstərilir.
TodayPress TV xəbər verir ki, bu barədə dermatoloqlar xəbərdarlıq edib.
Mütəxəssislərin fikrincə, hər il qeydə alınan təxminən 17 100 melanoma halının 90%-i günəş və solaryumdan yayılan ultrabənövşəyi (UV) şüaların səbəb olduğu hüceyrə zədələnməsi ilə əlaqələndirilir. Melanoma dəridə ən aqressiv xərçəng növüdür – dəri xərçəngi hallarının cəmi 1%-ni təşkil etsə də, ölüm hallarının 80%-i məhz bu diaqnozla bağlıdır.
Kişilərdə melanomanın ikinci ən çox yayıldığı nahiyə baş və boyun bölgəsidir. Səbəb isə sadədir: kişilər baş dərisinin günəşə məruz qalan hissələrinə krem çəkməyi unudurlar və saçların qoruyucu olduğunu düşünürlər. Halbuki saçların seyrəkləşməsi və ya tam tökülməsi bu nahiyəni günəş şüalarına qarşı həssas və zərbəaltı hala gətirir.
Həkimlər xəbərdarlıq edir ki, bazal-hüceyrəli və yastı-hüceyrəli karsinomalar da daxil olmaqla, baş və boyun nahiyəsində yaranan şişlər çox zaman gec mərhələlərdə aşkar edilir. Bunun səbəbi isə bu bölgədəki dəyişikliklərə diqqətsiz yanaşmaq və onların görünməməsidir.
Dermatoloqlar kişilərə baş dərilərini günəşdən qorumağı tövsiyə edir:
• Yay-qış fərq etmədən SPF qoruyucu kremdən istifadə edin;
• Gün altında olarkən baş geyimi taxın;
• Baş dərinizdəki dəyişiklikləri mütəmadi yoxlayın və şübhəli ləkələrə qarşı həkimə müraciət edin.
Qiymət Mahir
tag: Kişi ,Xərçəng,Dermotoloq,SPF,