Monqolustanda qızılca epidemiyası sürətlə yayılır

Sağlamlıq

16.06.2025 19:45

Monqolustanda qızılcaya yoluxma halları son dörd gün ərzində kəskin artaraq 6 836-dan 7 717-yə yüksəlib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Yoluxucu Xəstəliklər üzrə Milli Mərkəzi məlumat yayıb.

Qurumun açıqlamasına əsasən, məktəblərin tətilə bağlanması xəstəliyin yayılmasına təsir etməyib:

“Ən çox yoluxma halları məktəblərdə qeydə alınsa da, onların bağlanması xəstəliyin azalmasına səbəb olmadı. 12 iyun tarixində 6 836 yoluxma təsdiqlənmişdi, 16 iyuna olan məlumata görə isə bu rəqəm 7 717-yə çatıb. Hazırda 63 052 nəfər – xəstələrlə yaxın təmasda olmuş şəxslər – həkim nəzarətindədir”.

Qurum həmçinin qeyd edib ki, iyun ayının ortalarına olan vəziyyətə görə artıq 5 nəfər qızılca səbəbindən həyatını itirib. Səhiyyə orqanları kütləvi müraciətlərə cavab verməkdə çətinlik çəkdiklərini, valideynlərin övladları ilə birlikdə təcili yardım növbələrində saatlarla gözlədiklərini bildiriblər.

İlkin yoluxma halları 2025-ci ilin fevral ayında xarici aviareyslərlə Ulan-Batora gələn vətəndaşlar arasında qeydə alınıb.

Qeyd edək ki, Monqolustanda sonuncu uşaq qızılca epidemiyası 2019-cu ilin martında baş vermişdi. 2016-cı ildə isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Monqolustanı qızılca xəstəliyinin ləğv olunduğu ölkə kimi tanımışdı.

Qiymət Mahir

tag: Montolustan,Epidemiya,Qızılca,Dünya,Todaypress.tv,