İnkişaf etmiş ölkələrdə piylənmənin faizi niyə yüksəkdir? - Səbəb açıqlandı

Sağlamlıq

19.07.2025 16:00

İnkişaf etmiş ölkələrdə piylənmənin əsas səbəbi insanların az hərəkət etməsi deyil, daha çox kalorili və yüksək dərəcədə emal olunmuş qida məhsulları istehlak etməsidir.

TodayPress TV xəbər verir ki, bu barədə “PNAS” jurnalında beynəlxalq araşdırmanın nəticələri açıqlanıb.

Tədqiqat çərçivəsində alimlər dünyanın müxtəlif bölgələrindən 34 müxtəlif icmadan olan 4213 yetkin şəxsin məlumatlarını təhlil ediblər. Onlar iştirakçıların gündəlik enerji sərfiyyatını ölçərək bədən kütlə indeksi (BKİ) və orqanizmdəki yağ faizi ilə müqayisə ediblər.

Bununla da gözlənilməz nəticələr ortaya çıxıb. Zəngin ölkələrin sakinlərində yağ faizi və BKİ həqiqətən də yüksək olub, lakin onların gündəlik ümumi enerji sərfiyyatı ənənəvi cəmiyyətlərdəki insanlardan az deyil, hətta bəzən daha çox olub. Tədqiqatçılar bədən ölçülərini nəzərə aldıqda isə enerji sərfiyyatı arasındakı fərqlər demək olar ki, yoxa çıxıb.

Bu da onu göstərir ki, piylənmənin əsas səbəbi fiziki aktivliyin azalması deyil, artıq kalori qəbulu və gündəlik rasionda yüksək dərəcədə emal olunmuş qidaların çoxluğudur.

Alimlər bildirirlər ki, fiziki aktivlik ümumi sağlamlıq üçün önəmlidir, lakin piylənmə ilə mübarizədə əsas amil qida rejiminin düzgün tənzimlənməsi və emal olunmuş məhsulların miqdarının azaldılmasıdır.

Töhfə Səməd

tag: Piylənmə,İnkişaf etmiş ölkələr,Qida,Kalori,Todaypress.tv,